Azərbaycana tuşlanan istənilən raket kompleksini yerindəcə məhv etmək Ordumuzun borcudur - Hərbi ekspert

15 Oktyabr 2020 18:10

Azərbaycan Respublikasına tuşlanan istənilən raket kompleksini yerindəcə məhv etmək Silahlı Qüvvələrimizin borcudur.

Milli.Az bildirir ki, bunu Trend-ə ehtiyyatda olan polkovnik, hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, düşmənin bu günə kimi bir neçə dəfə mülki əhalini atəşə tutması sivil insanların ölümünə səbəb olub:

"Döyüşlər dövründə Ermənistan silahlı qüvvələri dəfələrlə Azərbaycanın mülki əhalisinə zərbələr endirib. Bu zərbələr nəticəsində cəbhəyanı rayonlarda, Gəncə, Mingəçevir və Yevlax kimi böyük şəhərlərdə sakinlər arasında şəhid və yaralananlar oldu. Görünən odur ki, döyüş meydanında uduzan düşmən qüvvələri acıqlarını sivil insanlardan almağı düşünüblər. Onlar əllərində olan son silahlarla arxa cəbhədə olan sıravi vətəndaşlara atəş açaraq burada xaos və ruh düşkünlüyünə hesablanmış addımlar atmaq istəyirlər. Ancaq Azərbaycan xalqının əzmi, tək yumruq ətrafında birləşməsi və yüksək dəyərləndirilən milli iradəsinin varlığı bu dəfə də Ermənistan siyasətinin və silahlı qüvvələrinin bədxah niyyətini puça çıxardı".

R.İmamquliyev qeyd edib ki, Azərbaycan Ordusu Kəlbəcər rayonu istiqamətində start mövqeyinə çıxarılan düşmənin əməliyyat taktiki raket kompleksləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib:

"Bu, bizim hüquqi müstəvidə haqqımızdır. Əgər bizim ordumuz həmin raket komplekslərini zərərsizləşdirməsəydi, hətta Bakı şəhərinə də raket zərbələri enrilirə bilərdi və bu da ehtimal olunurdu. Silahlı Qüvvələrimizin borcudur ki, istər işğal edilmiş ərazilərdən, istərsə də Ermənistan ərazisindən ölkəmizə tərəf yönəldilmiş, əsasən də sıravi vətəndaşlara tərəf məqsədlənmiş hər hansı bir fəaliyyəti zərərsizləşdirsin".

Milli.Az