Türkiyənin keçmiş XİN başçısı Yaşar Yakış Prezident İlham Əliyevə məktub göndərib

15 Oktyabr 2020 17:59

Türkiyənin 39-cu Xarici İşlər naziri 2002-2011-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Yaşar Yakış Prezident İlham Əliyevə məktub göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ermənistan ilə Azərbaycan arasında gərginliyin artmasını, Gəncə şəhərinin atəşə tutulmasını, insanların, o cümlədən uşaqların həlak olmasına gətirib çıxaran son hadisələri həyəcanla izləyirəm.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi mülki şəxslərin həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaranmış vəziyyətlə bağlı narahatlığımı ifadə edirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal yerinə yetirilməsi müzakirə mövzusu ola bilməz.

Həmsədrlərimiz ölkənizə güclü dəstək ifadə edən bəyanat qəbul ediblər. Həmin sənəd baş katibimiz tərəfindən bütün üzvlərə və tərəfdaşlarımıza göndərilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olaraq Mərkəzin təşkil etdiyi beynəlxalq müzakirələrdə öz təcrübəmizdən istifadə edirik.

Məhz belə vəziyyətlərdə bütün səviyyələrdə dialoqun aparılmasına ehtiyac var. Bu işdə Sizə dəstək verməyə hazırıq.

Cənab Prezident, üzüntülərimlə yanaşı, Sizə olan ən yüksək hörmət və ehtiramımı da qəbul etməyinizi rica edirəm".

Milli.Az