Varşavadakı Azərbaycan evində ölkəmizə dəstək tədbiri keçirilib

15 Oktyabr 2020 17:20

Polşanın paytaxtı Varşava şəhəridə fəaliyyət göstərən Azərbaycan evində işğalçı Ermənistan ordusunun hərbi cinayətlərinə etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçrilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə,Polşa Azərbaycanlıları Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Ermənistan ərazisindən Azərbaycanın şəhər və rayonlarının, xüsusilə Gəncədəki mülki yaşayış məntəqələrinin və obyektlərin istifadəsi qadağan olunmuş raketlərlə bombardman edilməsi şiddətlə pislənib. Toplantıda Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov, Azərbaycan evinin rəhbəri Lalə Zeynalova və digərləri çıxış ediblər. Hər zaman Azərbaycan dövlətinin yanında olduqlarını ifadə edən natiqlər öncə Azərbaycan ordusunun Füzulinin və Xocavəndin 8 kəndini işğaldan azad etməsi münasibətilə soydaşlarımızı təbrik ediblər.

Tədbirdə informasiya müharibəsində fəal iştirak etmək, Polşa ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə dolğun məlumatlar vermək, ölkəmizə qarşı aparılan əks-təbliğata çevik reaksiya göstərmək barədə geniş fikir mübadiləsi aparılıb. Terrorçu qüvvələri və cinayətkar qondarma qurumu dəstəkləmək üçün maaşını Dağlıq Qarabağa göndərən polyak deputatın yolverilməz hərəkəti ilə bağlı Polşa Seyminə soydaşlarımızın kütləvi şəkildə etiraz etdiyi, yerli KİV-lərin Gəncədəki teraktı geniş işıqlandırdığı nəzərə çatdırılıb. Toplantıda Polşada yaşayan azərbaycanlıların adından bəyanat qəbul olunub.

Varşava şəhərində yerləşən ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları bürosuna müraciət edilməsi qərara alınıb.

Milli.Az