Atamın qəbrini ziyarət edib, deyəcəm, məni bağışla" - Manaf Ağayev

15 Oktyabr 2020 18:03

"Doğulduğum Füzulinin Şıxlı kəndinin işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Son günlər yaşadığım həyəcanı sözlə izah edə bilmərəm. Tezliklə doğma kəndimin də düşməndən azad ediləcəyinə inanıram".

Milli.Az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Manaf Ağayev deyib. Sənətçi bildirib ki, ən böyük arzusu "qaçqın" ifadəsinin üzərindən götürülməsidir:

"Bilirsiniz ən çox nəyə sevinirəm? Daha "qaçqınlıq" statusu üzərimdən götürüləcək. İstər-istəməz hərdən adama "qaçqın" deyirlər. Bu da mənə pis təsir edir".

M.Ağayev atasının Şıxlı kəndində dəfn edildiyini bildirib: 

"Atamı dəfn edib çıxmışıq. Onun qəbrini ziyarət edəcəm. Deyəcəm, ata, məni bağışla. O qədər arzularım var ki... Gedib böyüdüyüm kəndin torpağını öpəcəm. Kənddən uşaq yaşından çıxmamışam, hər yeri xatırlayıram. Gedib evimizi tapacam, görüm dağıtmayıblar ki... Təəssüratlarımı sözlərlə izah edə bilmirəm, bunları yaşamaq lazımdır. Amma məni ən çox həyəcanlandıran atamın qəbrini görmək olacaq".

Milli.Az