Gürcüstanda yeni məhdudiyyətlər tətbiq olunacaq

15 Oktyabr 2020 18:48

Koronavirus pandemiyası ilə əlaqədar Gürcüstanda yeni məhdudiyyətlər tətbiq olunacaq. Oktyabrın 16-dan etibarən paytaxt Tbilisidə və İmereti bölgəsində restoran və bütün əyləncə mərkəzləri saat 22:00-dək fəaliyyət göstərəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria hökumətin iclasından sonra keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, bu məhdudiyyətlər koronavirus infeksiyasının yayılmasını azaltmağa imkan verəcək.

Hökumət başçısı deyib ki, yaxın günlərdə ölkədə COVID-19-a sutkalıq yoluxma sayının 1000-i ötəcəyi gözlənilir.

"Dünyada virusun qarşısını almaq üçün sərt məhdudiyyətlərdən başqa vasitə mövcud deyil", - deyə, Qaxaria vurğulayıb.

Gürcüstanın Baş Naziri eyni zamanda dövlət və özəl müəssisələrin rəhbərinə müraciət edib.

Hökumət başçısı işəgötürənləri işçiləri imkan daxilində distant iş rejiminə keçirməyə çağırıb.

Bildirib ki, mümkün olan yerlərdə məsafədən işləmək imkanları yaradılmalıdır: "Biz əməkdaşların qayğısına qalmalı və onların sağlamlığını qorumalıyıq".

Qeyd edək ki, son sutka ərzində Gürcüstanda yeni antirekord qeydə alınıb. Son 24 saat ərzində ölkədə 919 nəfər koronavirusa yoluxub. Onların da 366-sı paytaxt Tbilisidə, 286-sı Acarıstanda, 104-ü isə İmereti bölgəsində qeydə alınıb.

Milli.Az