Vaqif Səmədzadə 70

15 Oktyabr 2020 14:47

Sumqayıt Dövlət Dram Teatrının  aktyoru Vaqif Səmədzadənin  70 illiyi ilə əlaqədar teatrda pandemiya dövrünün tələbləri çərçivəsində kollektivin yaradıcı heyətinin kiçik heyətlə görüşü keçirilmişdir.

Teatrın direktoru əməkdar artist Mübariz Həmidov yubilyarı təbrik etdi və  gələcəkdə də  müvafiq rollar üçün müqavilə əsasında  aktyorla əməkdaşlığın  mümkünlüyünü bildirdi. Direktor Sumqayıt Dövlət Dram Teatrında  hər zaman veteran aktyorlara diqqət və qayğının  mövcudluğunu, Vaqif  Səmədzadənin də  bundan sonra  eyni qayğıya  şahid olacağını söylədi.

Baş rejissor xalq artisti Firudin Məhərrəmov, Əməkdar artistlər Namis Şirməmmədov, Növrəstə Həşimova, İlahə Səfərova, Vidadi Məmmədov və direktor müavini Maya Məmmədova Vaqif Səmədzadənin işə hər zaman  şövqlə yanaşmasından, insani keyfiyyətlərindən  danışdılar. Həmkarlar Komitəsinin Sumqayıt Dövlət Dram Teatrı üzrə sədri Zöhrəli Əliyev mədəniyyət işçiləri  və kollektiv adından yubilyara təbrikini çatdırdı.

Sonda teatrın direktoru Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından yubilyara 70 illik yubileyi və uzun illik səmərəli fəaliyyətinə görə fəxri diplom təqdim etdi.

Milli.Az