"Təhlükə hissi yoxdur və biz həyatımıza davam edirik" - Romero

15 Oktyabr 2020 14:00

"Qarabağ"ın futbolçusu Xayme Romero İspaniyanın "El-Mundo" nəşrinə açıqlama verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə qardaşı Daniel Romero ilə birgə Ağdam təmsilçisində oynaması haqda danışıb: "Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Buna görə də qardaşımın olması daha yaxşıdır".

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə toxunan 30 yaşlı yarımmüdafiəçi  ölkədə həyatın normal qaydada davam etdiyini bildirib: "Təhlükə hissi yoxdur və biz əvvəlki kimi həyatımıza davam edirik. Qarşıdurma digər bölgədədir. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var".

Romero bildirib ki, klub rəhbərliyi oyunçuların bütün fikrini futbola qarşıdakı matçlara yönəltməsini istəyib: "Biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".

İspan futbolçu koronavirusun yaratdığı problemlər haqda isə bunları deyib: "Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk 2 günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk. Vəziyyət bir az qarışıqdır. Martdan bəri nadir hallarda karantində olurduq. Amma restoranlar işləmirdi. Sonra səhər açılıb axşam 19:00-da bağlanmağa başladı. Qaydalar tədricən yumşaldıldı. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyat sürə biləcəyik".

Romero komandanın baş məşqçisi Qurban Qurbanov barədə də danışıb: "Ciddi görünür, amma futbolçularla çox yaxındır. Klubun uğurlarının çoxu onun sayəsindədir. Məşqdə ingiliscə danışırıq. Amma mən bu dili yaxşı bilmirəm. Ümumiyyətlə, mənim dillə bağlı böyük problemim var. Lakin tərcüməçimiz var. O, hər şeyi mənim üçün ispan dilinə tərcümə edir. Komanda yoldaşlarımla bacardığım qədər ingiliscə danışıram".

"Real"da çıxış edərkən Kriştiano Ronaldonu əvəzləməsi ilə bağlı Romero deyib: "Bu, xüsusi bir hiss idi. İnsanların gözündə ən çox diqqət çəkən budur. Dünyanın ən yaxşı oyunçusunu əvəzləmişdim. Amma o, başqa oyun idi və həmin vaxt daha vacib hisslər yaşadım".

Milli.Az