Son onillik Atlantik okeanı üçün 2900 il ərzində ən isti dövr olub

16 Oktyabr 2020 04:30

Okeanlar onilliklər və hətta əsrlər boyu yüksəlməyə və enməyə meylli olan temperatura malikdir. Ancaq son vaxtlar bu sıçrayışlar təbii proseslərin çərçivəsindən kənara çıxır. Alimlər hesab edirlər ki, temperaturun artmasının daha dağıdıcı qasırğalara səbəb olması baxımından sözügedən temperatur dəyişikliyi okeanların vəziyyəti üçün çox təhlükəlidir.

Amxersdəki Massaçusets Universitetinin və Kvebek Universitetinin alimləri Atlantika ərazisində təxminən 2900 illik bir dövrü izləyərək Kanada Arktikasında kern çöküntülərini araşdırıblar. Tədqiqat üçün çöküntülər Elsmir gölündən götürülüb. Temperatur dəyişikliyinin bu bölgəyə güclü təsir göstərməsi Atlantikada isti su təzyiqinin artmasına və ərazidə qar örtüyünün qalınlığının azalmasına gətirib çıxarır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu da öz növbəsində, daha az çöküntü axınının yaranmasına səbəb olur.

Çöküntü kernləri Atlantik okeanının temperaturunun mütəmadi olaraq artmasına və aşağı düşməsinə, eləcə də son onillikdə okeanın istilik sürətinin görünməmiş bir şəkildə çoxalmasına dəlalət edir. Alimlər həmçinin 1300-cü ildən 1860-cı ilə qədər davam etmiş kiçik buzlaq dövrünü də aşkarlayıblar.

İslandiyanın cənub sahilində aparılan daha erkən tədqiqatlar nəticəsində Şimali Atlantika sularının selsi dərəcəsindən daha çox istiləşdiyi məlum olub. Bu, ilk növbədə soyuqsevən quinqueloba planktonunun keçən əsrin 40-cı illərindən bəri tükənməsini göstərir.

Birgə komanda araşdırması heç də istiliyin dəyişməsinin səbəblərini müəyyənləşdirmək məqsədi ilə aparılmayıb. Lakin son temperatur artımının normadan daha yüksək olmasını nəzərə alsaq, deyə bilərik ki, bütün bu əlamətlər qlobal iqlim dəyişikliyinə işarə edir.

İstiləşən okean suları təkcə qasırğaların tezliyinə və dağıdıcı gücünün sürətlə artmasına təsir etmir. Böyük dəniz heyvanları ekvatorial sulardan qütblərə doğru aktiv şəkildə hərəkət edir ki, bu da ekosistemlərin məhvinə və biomüxtəlifliyin itirilməsinə səbəb olur.

Milli.Az