"Ermənistan rəhbərliyi üçün müqəddəs heç nə yoxdur" - Hacı Şahin Həsənli

14 Oktyabr 2020 17:41

"Din xadimləri haqqın yanında olmalıdırlar, haqqa xidmət etməlidirlər. Din xadimlərinin əsas vəzifəsi budur, çünki Allaha inanan insan mütləq haqqın tərəfində dayanmalıdır".

Bunu Milli.Az-a açıqlamasında ilahiyyatçı hacı Şahin Həsənli deyib.

İlahiyyatçı bildirib ki, Ermənistan Qarabağda baş verənləri din davası kimi təqdim etməyə çalışır:

"Növbəti dəfə Ermənistan rəhbərliyinin dini istismar etməsinin şahidi oluruq. Bu davaya, bu təcavüzə "din davası" adı qoymaq cəhdlərinin şahidiyik. Halbuki Azərbaycan heç bir din davası aparmır. Azərbaycan ərazisində tarixən ən müxtəlif din təmsilçiləri Azərbaycanı öz vətəni hesab edərək burada bir-biri ilə dinc, yanaşı yaşayıblar. Amma onlar bunu din davası kimi təqdim etməyə çalışır. Güya, onlara qarşı etnik təmizləmə aparılır. Halbuki bütün bunlar cəfəngiyatdır. Sadə həqiqət var ortada, Azərbaycan beynəlxalq qanunlara əsaslanaraq öz torpaqlarını işğaldan azad etməklə məşğuldur. Bu, həm ilahi ədalər nöqteyi nəzərindən uyğun addımlardır, həm beynəlxalq qanunvericiliyə uyğundur". 

Hacı Şahin qeyd edib ki, Ermənistan hakimiyyəti din xadimlərini bu prosesə cəlb edir:

"Ermənistan hakimiyyətinin acizliyinin növbəti təzahürü bundan ibarətdir ki, onlar din xadimlərini bu prosesə cəlb edirlər. Əlbəttə ki, din xadimi bir vətəndaş olaraq Azərbaycanda da ordunun, xalqın yanındadır. Din xadimlərimiz həmişə bu məsələlərdə öndə olublar, amma təcavüzkar orduya din xadimlərinin açıq, nümayişkəranə şəkildə cəlb olunması, kilsələrin bir döyüş nöqtələrinə çevrilməsi onu göstərir ki, Ermənistan rəhbərliyi üçün müqəddəs heç nə yoxdur və onlar hətta öz çirkin məqsədlərinə çatmaq üçün dindən, inancdan belə həmişəki kimi sui-istifadə etməyə hazırdırlar".

Təhməz Əsədov
Milli.Az