"AzeriMed" kollektivi Milli Orduya 250 min manat ianə köçürmüşdür

14 Oktyabr 2020 15:10

"AzeriMed" MMC-nin  kollektivi Milli Ordumuzun erməni işğalçılarına qarşı Vətən Müharibəsində əldə etdiyi uğurları, düşmənin əzəli torpaqlarımızdan qovulub çıxarılmasının gündən- günə geniş vüsət almasını  böyük ruh yüksəkliyi və sevinclə qarşılamışdır.  Şirkətin  Vətənin  çağırışına dərhal cavab verərək cəbhənin müxtəlif bölgələrinə könüllü olaraq yollanmış  49  əməkdaşı da xalqımızın uğurla yazdığı zəfər salnaməsinin əsas iştirakçılarıdır.    

Xəbər verildiyi kimi,  hərbi əməliyyatlar başalayandan  "AzeriMed"MMC     rəhbərliyinin orduya dəstək məqsədilə  ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilmişdir.  Bundan sonra da ordu üçün, cəbhə üçün lazım olan bu tipli  tibbi məhsullar mütəmadi şəkildə müxtəlif  hərbi birləşmələrə çatdırılacaqdır.
     Bu günlərdə  hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkət  işçiləri də  ümumi qələbəmiz üçün dəstək aksiyalarına qoşulmuşlar. "AzeriMed"MMC-nin əməkdaşları   Azərbaycan Ordusuna Dəstək Fonduna  250 min manat ianə  toplayıb təhvil vermişlər. 
    "AzeriMed"MMC-nin  kollektivi  Azərbaycan Silahlı Qüvvələrinin  yaxın zamanda erməni işğalçıları üzərində həlledici və qeyd-şərtsiz qələbə çalacağına ürəkdən inanır və bu müqəddəs mübarizədə qəhrəman əsgərlərimizə uğurlar arzulayır!
     Qarabağ Azərbaycandır!