Paşinyan etiraf etdi: "Çox, amma çox itkilərimiz var, geri çəkilirik"

14 Oktyabr 2020 14:38

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciət edib.

Milli.Az müraciətdən seçmələri təqdim edir:

"Bu müharibənin səbəblərini anlamağa çalışmalıyıq. Azərbaycan addım-addım o səviyyəyə, o həddə çatıb ki, Qarabağ erməniləri qarşısında şərtlər qoyub: 7 rayondan 6-i dərhal, ikisini sonra verməli, sonra da Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını rəsmən qeyd etməli. Yəni rayonları statusun yox, sülhün əvəzində verməliyik. Əks təqdirdə savaş olacaq. Hökumətimiz bundan imtina etdi. Bu, bizim üçün qəbuledilməzdir.

... Son iki il ərzində ordumuzda islahatlar keçirərək göstərməyə çalışdıq ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yoxdur. Tovuzdakı döyüşlər göstərdi ki, Azərbaycan problemi sülh yolu ilə həll etmək iqtidarında deyil. Bu, hamı üçün, o cümlədən Türkiyə üçün gözlənilməz oldu. Daha sonra Azərbaycanla Türkiyənin bigə hərbi təlimləri başlandı.

Strateji önləmə və saxlama prinsipini gerçəkləşdirməyə çalışdıq. Lakin bu imkanlara malik olan bəzi ölkələr situasiyanı ayıqlıqla dəyərləndirə bilmədilər.

Qarabağdakı savaş gözlənilən idi. Onların hansı istiqamətdən hücum edəcəyini bilirdik. 

Sonra Mokvada XİN başçılarının görüşü oldu. Məqsəd qurbanların artmasını dayandırmaqdı. Amma Bakı Qarabağı ələ keçirmək istəyir. Türkiyənin və Azərbaycanın blitskriqi alınmadı. Bununla bahəm, itkilərimiz çoxdur, həddən çoxdur. Həlak olmuş hərbçilərimizə görə kədərliyəm. İtkilərin hamısı mənim, ailəmin itkiləridir. Son günlər ordumuz bir qədər geri çəkilib. Qarabağın içlərinə doğru geriləyib. Anlamalıyıq ki, çox ağır vəziyyət yaranıb. Bunu deyirəm ki, həqiqəti biləsiniz. Deyirəm ki, birləşək.

Rusiyaya, Fransaya, ABŞ-a vasitəçilik missiyası üçün təşəkkür edirəm. Rusiya prezidenti Putinə xüsusi təşəkkür edirəm.

Münaqişənin sülh yolu ilə həllinə sadiqik".

Milli.Az