Prezident İlham Əliyev: Gəncəyə hücum bir daha göstərdi ki, atəşkəsi kim istəmir

14 Oktyabr 2020 14:09

Türkiyə hər zaman olduğu kimi, bizi bu məsələ ilə bağlı bir daha açıq və birmənalı dəstəklədi. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama verib. Digər ölkələr də belə açıqlamalar edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə "Haber Türk" televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəyə hücumuna beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin reaksiyası haqqında danışarkən bildirib.

"Ancaq deyə bilmərəm ki, bu, dünya miqyasında geniş vüsət almışdır. Halbuki hər kəs üçün bu, gün kimi aydındır. Atəşkəs rejimi haqqında açıqlama verilir, ondan bir gün keçməmiş belə namərd hücum təşkil edilir və bir daha onu göstərir ki, atəşkəsi kim istəmir", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycanın məqsədinin işğal edilmiş bütün torpaqlara öz vətəndaşlarını qaytarmaqdan ibarət olduğunu qeyd edən dövlətimizin başçısı deyib: "Bildirmişdim ki, atəşkəs imkan verəcək ki, artıq hərbi müstəvidən bu, siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Diplomatik müstəvidə danışıqlar masası arxasında bu məsələ həll olunsun və Ermənistan digər hələ də işğal altında olan torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın. Ancaq görünür ki, Ermənistanın planları tam başqa idi. Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar. Mən demişdim ki, əgər Ermənistan müsbət davranış göstərməsə peşman olacaq və haqlı idim".

Milli.Az