"Qarabağ turist cəlb edəcək çox yüksək imkanlara malikdir" - Assosiasiya sədri

14 Oktyabr 2020 14:41

"Ölkəmizdə hazırda davam edən davamlı inkişaf nəticəsində və eyni zamanda cəbhəyanı döyüşlərin baş verdiyi bir müddətdə təbii ki, biz gələcəyə ümidlə baxırıq və müzəffər ordumuzun səyləri nəticəsində işğal olunmuş torpaqlarımızın azad ediləcəyinə ümid edirik və inanırıq".

Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov deyib.

O bildirib ki, Qarabağ bölgəsi bütün Azərbaycanın ən yüksək potensiala, yüksək turizm imkanlarına sahib bölgələrindən biri olacaq:

"Bilirik ki, həmin o bölgələr turizm baxımından böyük potensiala malik bir bölgə olduğu üçün dövlətimiz də bunun üçün çalışacaq və orada turizmlə bağlı bütün infrastruktur layihələri maksimum şəkildə həyata keçiriləcək.

Gələcəkdə də ümumiyyətlə Qarabağ bölgəsi bütün Azərbaycanın ən yüksək potensiala, yüksək turizm imkanlarına sahib bölgələrindən biri olacağı üçün bu arada geniş infrastruktur tədbriləri həyata keçirildikdən sonra düşünürük ki, bu, turizm baxımından bizə çox böyük imkanlar yaradacaq.

Qarabağ turizm üçün çox əlverişlidirlər

Hazırda içində olduğumuz vəziyyətdə biz işğaldan azad olunmuş bir neçə bölgələrimizə baxdıqda görürük ki, turizm üçün çox əlverişlidirlər. Bu yaxınlarda işğaldan azad olunan Suqovuşanın görüntülərinə baxdıqda şahidi olduq ki, bura nə cürə turist cəlb edəcək imkanlara malik bir bölgədir.

Eyni zamanda digər bölgələrimiz də buna misal ola bilər ki, hər zaman çoxlu sayda turistlərin cəlb olunması üçün yaxşı şəraitlərin qurulması bu ərazilərdə də baş verəcək. Bundan əlavə, təbii ki, Qarabağ bölgəsinin turizm potensialı zəngindir. Orada turş su, isti su bulaqları, tarixi abidələr, mədəni irsimizin qorunması ilə bağlı orada bir çox işlər var, yerlər və abidələr var. Bunlar da eyni zamanda turizmin inkişafı üçün gələcəkdə öz töhfəsini verəcəyini düşünürük".

Təhməz Əsədov
Milli.Az