İnformasiya Sisteminə müdaxilə edildikdə elektron kabinetə giriş hüququ məhdudlaşdırılacaq

14 Oktyabr 2020 13:19

İnformasiya Sisteminin iştirakçılarının İnformasiya Sistemindən istifadə etməsi (məhkəmə sənədlərinin elektron formada hazırlanması, analitik təhlil və statistikanın aparılması və s.) üçün onlara istifadəçi adı və şifrə veriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, İnformasiya Sistemində elektron sənədlərin (bildiriş, məktub, məhkəmə aktı və s.) təsdiqi və göndərilməsi, habelə məhkəmə işinə baxılması üzrə nəticələrin İnformasiya Sisteminə daxil edilməsi üçün hakimə, həmçinin gücləndirilmiş elektron imza veriləcək.

Eyni zamanda, hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış "Elektron kabinet"ində avtomatlaşdırılmış qaydada yerləşdiriləcək.

Hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avtomatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılacaq.

Videokonfrans altsistemi vasitəsilə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı təmin olunacaq.

Məhkəmə fəaliyyəti ilə bağlı tələb olunan məlumatlar İnformasiya Sistemi vasitəsilə yoxlanılacaq, sənəd və arayışlara dair məlumatlar bu qayda ilə müəyyən olunmuş qaydada əldə ediləcək.

Belə ki, İnformasiya Sisteminin iştirakçıları qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə icraatı ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə müvafiq olaraq hakimin sorğusu və ya hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq olunmuş və qanuni qüvvəyə minmiş qərarı əsasında Əsasnamədə nəzərdə tutulmuş məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə elektron qaydada əldə edə biləcək.

Qaydalara edilən digər dəyişikliklə İnformasiya Sisteminin istifadəçilərinin İnformasiya Sistemindən istifadə etmək üsulları dəyişib. Artıq İnformasiya Sisteminin istifadəçiləri Vahid məhkəmə portalı" və "Elektron kabinet" vasitəsilə də informasiya sistemindən istifadə edə biləcək.

Həmçinin, dəyişikliyə əsasən, İnformasiya Sistemində "Elektron kabinet" Vahid Giriş Sistemi ("ASAN login") ilə qeydiyyatdan keçməklə yaradılacaq.

Bununla da İnformasiya Sisteminin istifadəçiləri "Vahid məhkəmə portalı" vasitəsilə açıq sənədlərlə, məhkəmələr, hakimlər, məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları və dövlət rüsumları barədə məlumatlarla tanış ola, habelə elektron kabinetləri vasitəsilə isə özlərinə aid sənədləri (məlumatları) əldə edə, onları çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə biləcəklər.

Həmçinin, İnformasiya Sisteminin istifadəçiləri, həmçinin elektron kabinetləri vasitəsilə özləri haqqında toplanan məlumatlarda dəyişiklik edilməsi üçün müraciət edə, həmin məlumatlardan istifadə olunması barədə informasiyanı əldə edə (onlarla tanış ola) biləcəklər.

Elektron məhkəmə" informasiya sistemindən istifadə qaydalarına edilən müvafiq dəyişikliklə dövlət və digər qurumlar tərəfindən sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi və qəbulu, həm "Elektron kabinet" üzərindən, həm də qurumlarla razılaşdırılmış qaydada informasiya sistemləri arasında məlumat mübadiləsi əsasında həyata keçiriləcək.

İnformasiya Sisteminə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə, eləcə də Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə İnformasiya Sisteminin sahibi tərəfindən İnformasiya Sisteminin istifadəçisinin İnformasiya Sistemindəki məlumatlarına (elektron kabinetə) giriş hüququ məhdudlaşdırıla biləcək.

Milli.Az