Gəncə hadisələri ilə əlaqədar dünya muzeylərinə müraciət edildi

14 Oktyabr 2020 11:34

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi bu ilin 27 sentyabr tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində hərbi təxribat törətməsi, Azərbaycanın yaşayış məntəqələrini, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşlərinə tutması və ağır artilleriya atəşləri nəticəsində dinc sakinlər arasında ölən və yaralananların olması, həmçinin müxtəlif tikililərə, o cümlədən maddi-mədəni irs nümunələrinə dəyən ziyan, işğalçı dövlətin yeni təhdidləri ilə bağlı dünya muzeylərinə müraciət yayıb.

Muzeydən Milli.Az-a daxil olan müraciətin dünyanın 100-dək tanınmış muzeyinə ünvanlandığı bildirilir.

Müraciətdə qeyd edilir ki, ümumbəşəri idealları, insanlar və xalqlar arasında sülhü, dostluğu, bərabərliyi, ədaləti tərənnüm etmiş Nizami Gəncəvinin doğma şəhəri bu gün Ermənistan tərəfindən dağıdılır:

"Ermənistan silahlı qüvvələrinin Gəncəyə və dinc əhaliyə yönəltdiyi raket atəşləri yalnız günahsız insanların həyatını əlindən almayıb, yalnız onların evlərini dağıtmayıb. Nizaminin məqbərəsinin də yerləşdiyi Gəncə başdan-başa tarixdir. Buraya atılan bombalar və raketlər həm də mədəni irsin nadir incilərini məhv edir. Bu gün Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan, Azərbaycanın rəmzi mədəni paytaxtı sayılan Gəncə şəhərini Ermənistanın dəhşətli dağıntılar və insan tələfatı ilə müşayiət edilən raket atəşlərinə tutması həm də bilavasitə minillərin yadigarı olan dünya əhəmiyyətli mədəni irsə açılan atəşlərdir. Dünyanın bütün tərəqqipərvər insanlarını, mədəniyyəti qoruyub yaşatmaq kimi nəcib amala xidmət edən sizləri, dünyanın bütün muzey işçilərini, mədəniyyət xadimlərini erməni təcavüzünə qarşı səsinizi qaldırmağa çağırırıq".

Milli.Az