Çinin daha bir şəhərində sakinlər kütləvi qaydada COVID-19 testindən keçirilir

14 Oktyabr 2020 21:20

Çinin Şandun vilayətinin Çindao şəhərində sakinlərin kütləvi qaydada yeni növ koronavirus (COVID-19) testindən keçirilməsinə başlanılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb son günlər şəhərdə bir neçə sakinin COVID-19 infeksiyasına yoluxmasıdır. Bildirilir ki, yoluxma zəncirinin başlanğıcı xaricdən yoluxmuş vəziyyətdə Çinə gələnlərin müalicə olunduğu xəstəxanadır. Hökumət yoluxma zəncirinin müəyyən edilməsi üçün 9 milyon əhalisi olan şəhər sakinlərinin testdən keçirilməsinə qərar verib. Test prosesinin 5 gün ərzində başa çatması nəzərdə tutulub. İlkin mərhələdə 115 minə yaxın tibb işçisi və şəhər xəstəxanalarında müxtəlif xəstəliklərdən müalicə alanlar testdən keçib və nəticələr neqativ olub. Amma test prosesinin gedişində daha 6 nəfərin yoluxduğu aşkarlanıb.

Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi kütləvi test prosesinin təşkili üçün Çindaoya xüsusi işçi qrupu ezam edib.

Səlahiyyətli qurumları narahat edən məqam isə yeni yoluxma hallarının Ay festivalı və Çin Xalq Respublikasının yaranmasının ildönümü münasibətilə ölkədə elan olunmuş 8 günlük bayram tətilindən sonraya təsadüf etməsidir. Belə ki, "Qızıl həftə" adlanan həmin günlərdə Çində yüz milyonlarla turist səfəri qeydə alınıb. Kurort şəhəri olan Çindao isə həmin günlərdə 4,47 milyon turist qəbul edib. Bu fakt virusun bütün ölkəyə yayılma ehtimalını çoxaldıb. Elə ona görə də bəzi şəhərlərdə sentyabrın 23-dən sonra Çindaoya səfər etmiş şəxslər də testdən keçirilir.

Qeyd edək ki, Çində pandemiya dövründə əhalinin kütləvi testdən keçirilməsi ənənəsi yaranıb. Bundan əvvəl isə Uxan, Pekin, Dalyan, Urumçi və Honkonq şəhərlərində kütləvi test həyata keçirilib.

Milli.Az