Müsavatda "əcinnə ovu" başlanıb?

25 Oktyabr 2014 13:51

Müsavat Partiyasının Məclisinin toplantısı olub.
 

İclasda Məclisə boş qalan yerlərə, MNTK-ya və Divana seçkilər keçirilib.
 

Maraqlıdır ki, partiyanın sabiq başqanı İsa Qəmbərin postundan imtina edərək yeni seçkilərə qatılmaması və hələ də nəticələri qalmaqallı müzakirələrə səbəb olan səsvermə nəticəsində Arif Hacılının başqan seçilməsi təşkilatda bəlli təlatümlər yaradıb.
 

Bugünkü toplantıda da həmin prosesin təkrarlanacağı gözlənilirdi və əslində, partiya rəhbərliyi bütün səylərini sərf edərək Musavatda yaşananları pərdələməyə, tarıma çəkilmiş əsəbləri sakitləşdirməyə çalışdı.
 

Durumun çox ciddi olmasına dəlalət edən nüanslardan biri Arif Hacılının toplantı ərəfəsindəki müsahibələrində "partiyada təmizləmə aparılmayacağı" ilə bağlı vədləriydi.
 

Nikbin açıqlamadır, çünki Musavatda faktiki olaraq könüllü "təmizləmə" gedir və A.Hacılının başqan olmasından narazı qalanlar partiyanı tərk edirlər.
 

Gedişlər kütləviləşib və dünənki toplantının kuluarlarında da "özünütəmizləmə" məqamı ən çox müzakirə edilən məsələlərdəndi.
 

Müsavatdakı "inkvizisiya" başladığı "əcinnə ovu"nu gizlədə bilmir, çünki yeni başqan önəmli saydığı postlarda özünə sadiq şəxsləri görmək istəyir.
 

İstəyir və bunu reallaşdırır.

Tural Müseyibov

Milli.Az