İnsanın mötədil durumda olub-olmaması nə ilə bilinir?

18 Oktyabr 2020 19:45

Dinimiz həmişə etidala riayət etməyin tərəfdarıdır. İfrat və təfriti məzəmmət edir.

Bəs insan hansı mövzularda etidala riayət etməlidir? Dinimiz buyurur ki, müsəlman həm ictimai, həm siyasi, həm ailə, həm məişət və sair sahələrin hamısında etidala riayət etməlidir.

O cümlədən:

1. Yatmağında və yeməyində. Ağıl hökm edir ki, insan gərək ehtiyacı olan qədər yemək yesin və israf etməsin. Qurani-Kərimdə buyurulur: "Yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir". ("Əraf" 31).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) buyurur: "Möminin qəlbi üçün çox yeməkdən ziyanlı bir şey yoxdur. Bu cür iş qəlbin daşlaşmasına və şəhvətin təhrik olmasına səbəb olar".

2. İş və ibadətdə. İnsanın iki tərəfi vardır: cismi və ruhi. İnsan gərək həm cisminin və həm də ruhunun ehtiyaclarını təmin etsin. Həm axirətini düşünməlidir, həm də dünyasını zay etməli deyildir. İmam Kazım (ə) buyurur: "O kəs ki, dünyasını dininə və dinini dünyasına görə tərk edərsə - bizdən deyildir".

3. Məsrəflərində və qazancında. Mömin gərək bacardığı qədər iqtisadiyyatın güclənməsində yardımçı olsun. Bacardığı qədər halal ruzi qazanmaq ardınca olsun. Qazandığı pulu isə xərcləyən zaman israf etməsin və etidala riayət etsin. Dinimiz nə simic olmağı bəyənmir, nə də israf etməyi. Ona görə buyurur: "Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan". ("isra" 29).

Beləliklə deyə bilərik ki, müsəlman həyatının hər bir sahəsində etidala malik olmalıdır. Nə təfrit etməli və nə də israf etməlidir.

Göstərilən nöqtələr də kömək edir ki, insan mötədil durumda olub-olmamasını özü müəyyən edə bilsin.

Milli.Az