İnsanın tövbəsi xalis olarsa, Allah günahı savaba çevirər

18 Oktyabr 2020 20:20

Quran ayələri və hədislərdən belə nəticəyə gəlmək olur ki, tövbənin bərəkətləri çoxdur. O cümlədən:

1. Günahları məhv edər. "Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlərə və bağlara daxil etsin". ("Təhrim" 8).

2. Tövbə edənə yerin və göyün bərəkətləri nazil olar. "Və dedim ki: "Öz Rəbbinizdən bağışlanmaq diləyin. Çünki O, çox bağışlayandır".

"Göydən (buluddan) sizə bol yağış göndərsin". "Və sizə mal-dövlət və oğullar (əta etməklə) yardım etsin, sizin üçün bağlar yaratsın və sizin üçün çaylar axıtsın". ("Nuh" 10-12).

3. Günahı həm məhv edər və həm də savaba çevirər. "(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək, onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır". ("Furqan" 70).

4. Əgər tövbə xalis olarsa, Allah o günahı elə gizlədər ki, mələklərin belə, yadında qalmaz. Bədən üzvləri belə, onu unudar. Yer və göy bu günahları xatırlamaz. (Beytutə)

5. Həqiqi tövbə edənlər üçün İlahi ərşi həml edən mələklər istiğfar edərlər. "(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı, Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: "Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!"". ("Ğafir" 7).

6. Allah tövbə edənləri sevər. "Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir". ("Bəqərə" 222).

Allah Təala bizləri həqiqi tövbəkarlardan qərar versin!

Milli.Az