İnsana aramlıq verən 6 vasitə – Qurani-Kərimin buyuruşlarında

18 Oktyabr 2020 21:20

Ustad Qiraəti Qurani-Kərimdə insana rahatlıq verən 6 vasitənin adını çəkmişdir ki, onlarla tanış olaq.

1. Allahı yada salmaq. "Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

2. Həzrət Peyğəmbərin (s) duası. "Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir". ("Tövbə" 103).

3. Qeybi yardımlar. "Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir". ("Fəth" 4).

4. Həyat yoldaşı. "Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

5. Yaşayış məkanı. "Allah evlərinizi sizin üçün məskən və rahatlıq yeri etdi, dördayaqlıların dərisindən səfər gününüz və səhranişinlik vaxtlarınızda asanlıq və rahatlıqla daşıdığınız (daşınan) evlər qoydu və onların yun, tük və qıllarını müəyyən bir müddətədək ev əşyası və istifadə avadanlığı etdi". ("Nəhl" 80).

6. Gecə. "Gecəni sizin dincəlməyiniz üçün yaradan və gündüzü (işlə və çalışmaqla məşğul olmağınız üçün) aydınlıq edən Odur! Həqiqətən bunda (bu yaradılış və idarəetmədə) eşidən bir dəstə üçün (Onun qüdrət, hikmət və rəhmətindən) nişanələr vardır". ("Yunus" 67).

Milli.Az