Sufilik və Qərb mədəniyyəti

18 Oktyabr 2020 20:50

Əksər Qərb insanları üçün İslam dini primitiv, yabançı və düşmən bir obrazda canlanır. İnkvizisiya və səlib yürüşləri xristianlığın mahiyyəti ilə nə qədər bağlıdırsa, terrorizm və fundamentalizm də İslamın mahiyyəti ilə o qədər bağlıdır. Yeri gəlmişkən, "İslam" sözünün özü təslimiyyət mənasını verir. Orta əsrlərdə İslam özünəməxsus incə mədəniyyət yaratdı, Qərb bu mədəniyyətdən çox şeylər mənimsədi - mətbəxdən, şəxsi gigiyena qaydalarından tutmuş tibb, riyaziyyat və fəlsəfəyə kimi. Avropa İntibah dövrü ərəfəsində öz unudulmuş antik irsini məhz ərəb mənbələrindən öyrənirdi. Sufilik adlanan mənəviyyat məktəbi İslam dini çərçivəsində, fanatik və donuq dindarlıq formalarının əksinə, daxili cərəyan kimi yarandı.  

Sufizm mistik və dini-fəlsəfi təlimdir, onun ardıcılları xüsusi təmrinlər və mənəvi təcrübələr sayəsində Allahla birbaşa rabitə qurmağa çalışırlar. Sufizm Balkanlardan, İspaniya və Şimali Afrikadan tutmuş Hindistan və Əfqanıstana kimi bütün müsəlman aləmində yayılmışdır. Sufi qardaşlıqlarının və ya ordenlərinin qolları əksər Qərb ölkələrində də mövcuddur...

Tərki-dünyalıq İslam üçün xarakterik deyil, bu həyat tərzi sufilər arasında da geniş yayılmayıb. Allaha qulluq etmək üçün bəşərə qulluq etmək, yəni insanlar arasında olmaq lazımdır. "Dünyada olmaq, amma dünyaya məxsus olmamaq" lazımdır. Həqiqət yolunun ən məşhur mürşidlərindən biri sayılan Bəhaəddin Nəqşbənd (vəf. 1389) bunları təlim edirdi: "Cəmiyyət içində tənha qalmaq, vətəndə qərib olmaq, zahirdə insanlarla, batində isə Allahla birlikdə olmaq"...

Hələ Sokratdan əvvəlki filosoflarda işartılarına rast gəldiyimiz, daha da işlənmiş şəkildə Platonun və neoplatonçuların düşüncəsində gördüyümüz vəhdəti-vücud nəzəriyyəsi XIX əsrin mexanistik fizikasından daha artıq dərəcədə müasir elmi dünyagörüşünə yaxındır. XX əsrin başlıca kosmoloji nəzrəiyyələrindən biri olan Böyük Partlayış nəzəriyyəsi bunu deyir ki, kosmos hansısa ilkin başlanğıcdan yaranıb; bu ilkin başlanğıc öz-özünə yox ola bilməzdi. Kvant fizikasındakı yeni araşdırmalar da bundan xəbər verir: mikroaləmdəki lokal dəyişikliklər sirli şəkildə ayrı-ayrı obyektlərə təsir edir. Öz təbiəti etibarilə dünya bütöv tamdır. Əlbəttə ki, mistik düşüncə öz sərhədləri daxilində qüvvədədir və elmi düşüncəni əvəz edə biməz, amma heç olmasa, bəzi hallarda onu qabaqlaya və ona təkan verə bilər. Elm mistik təlimlə müqayisədə hələ "uşaq"dır, o, tədricən beşikdən çıxa-çıxa min illərin mənəvi təcrübəsini təsdiq edən çoxlu sübutlar tapacaq. 

Zahirən mücərrəd görünsə də, vəhdəti-vücud prinsipi bir sıra təcrübi nəticələrə gətirib-çıxarır. O, humanizmin metafizik əsasına çevrilir: etiqadından asılı olmayaraq hər bir insan ali mənəvi başlanğıcın daşıyıcısıdır. Sufi üçün istənilən din Allaha doğru gedən yollardan biridir. Müxtəlif dinlərə dözümlülük və ehtiram həmişə sufiliyin xarakterik xüsusiyyəti olmuşdur...

Aşiq sufi pərvanədir, ilahi Məşuq onu özünə doğru cəlb edir. O, gözəl Leylinin axtarışında olan Məcnundur. Eşq sufinin xəyali şəxsi varlığını silir və onu özünü unutmağa məcbur edir. Eşq "mən"i yandıran oddur, amma bu od insanı kamil şəkildə - Mütləq Varlıqla vəhdət halında dirildib həyata qaytarır. Qərb mütəfəkkiri oxşar ideyanı bu formada ifadə edib: "Sevgi istəyi həm də ölmək istəyidir" (Nitsşe. "Zərdüşt belə deyirdi"). Həqiqət yolunun yolçusundan əsil həqiqəti gizlədən pərdə insanın özüdür, onun qeyri-kamil "mən"idir:

Aşiqlə məşuq arasında pərdə olmaz,

Ey Hafiz, pərdə sən özünsən, onu bir kənara at! (Hafiz).

Haqqa çatmış sufi hər yerdə və hər şeydə yalnız vəhdəti görür. O, çoxluğun (kəsrətin) xəyalından xilas olub, artıq onun qorxusu, istəyi və bağlılığı qalmayıb.

Sənin qapında olan fəqirə səkkiz cənnət bağçası lazım deyil,

Sənin eşqinin əsiri hər iki dünyadan azaddır. (Hafiz).

Fars dilində "dərviş" (ərəbcə "fəqir") "sufi" sözünün sinonimidir. "Dərviş" - möhtac, miskin deməkdir. Burada pulsuzluqdan söhbət getmir, maddi kasıblıq və varlılıq sufinin gözündə eynidir. Dərviş mənəvi fəqirlik içindədir. O, möhtacdır, çünki Allaha ehtiyac duyur. Amma sufi axirətdə mükafat qazanmaq həvəsi və ya cəhənnəm əzabının qorxusu üzündən Allaha ibadət etmir. Onun yeganə istəyi Həqiqətə çatmadır: "Əgər Sənə cəhənnəm qorxusundan ibadət edirəmsə, məni cəhənnəmə at. Əgər Sənə cənnət ümidi ilə ibadət edirəmsə, məni cənnətdən məhrum et" (Rabiətül-Ədəviyyə).

...Sufilər tez-tez təqib edilirdilər, amma ədalət naminə deməliyik ki, İslam dinində fərqli düşüncə və əqidə sahiblərinin təqibi adətən, xristian Avropasındakı qədər amansızlıqla və geniş miqyasda aparılmırdı.

Sufilikdə ruhi yenilənmənin fərqli metodları işlənib-hazırlanmışdı. Yolun (Həqiqət Yolunun) ilk mərhələsi psixo-terapevtik xarakter daşıyır. Burada psixikanın fəaliyyətinə mane olan ən kobud pozuntuları aradan qaldırmaq və salikə (sufilik yoluna təzə qədəm qoyan tələbəyə) özünü daha yaxşı tanıtdırmaq cəhdləri nəzərdə tutulur. Z.Freydin sayəsində hamı tərəfindən qəbul edilmiş təhtəş-şüur nəzəriyyəsinin tarixi psixo-analiz təliminin tarixindən daha qədimdir. Qəlbin şüurla dərk edilə bilməyən hərəkətləri Həqiqət Yolu ardıcıllarının diqqət mərkəzində olmuşdur. Sufilər tərəfindən tətbiq edilən metodlardan biri də Freyd üçün çox mühüm olan yuxu analizi idi. 

Yolun ikinci mərhələsi daha zərif (lətif) maddələrlə bağlıdır. Sufilərə görə, adi insanın həyatı yuxuya bənzəyir. O, öz diqqətini Allahda toplaya bilmir, onun fikirləri dağılır, o, öz xəyali "mən"inin qaba istəklərinə və şıltaqlıqlarına tabedir. İnsan Haqqı xatırlamaqdan uzaqlaşan kimi mənasız dünya həyəcanları və nəticəsiz ani istəklərlə dolu olan adi mövcudluq halına qərq olur. Sufilər "ayıqlıq" halını qorumaq üçün metodika işləyib-hazırladılar. Bu metodun əsas tərkib hissələrindən biri Allahı daim xatırlama texnikasıdır; buna "zikr" deyirlər. Bu texnika xristianlıqda rast gəlinən "ağıllı" dua və ya "İsavari" dua ilə oxşardır. 

Haqqa yetişməyin sufilərə aid metodunun digər tərkib hissələri meditasiya, tənəffüs üzərində nəzarət, xüsusi müşahidə və təfəkkür texnikası, xüsusi bədən hərəkətləri (Mövləviyyə təriqətinin "fırlanan dərvişlər"i kimi), xüsusi duruş qaydaları və sairədən ibarətdir.   

Sufi ənənəsində poeziya və musiqi başlıca yer tutur, bunlar adi dil ilə çatdırılması çətin olan məsələləri simvolik və metaforik şəkildə ifadə etməyə imkan verir. Xırda hekayələr və alleqoriyalar Haqq Yolunun dərsliyi rolunu oynayırdı. Molla Nəsrəddin lətifələrinin və "Min bir gecə" qissələrinin bir hissəsi sufi mənşəlidir. Sufilər özündə yüzlərlə termini ehtiva edən xüsusi simvolik dil yaratmışdılar. Bu dilin köməyi ilə onlar söz qarşılığı olmayan duyğuları və nəzəriyyələri ifadə edə bilirdilər. 

Sufilik İslamın hakim olduğu ölkələrdə mədəniyyətə, xüsusilə də ədəbiyyat və musiqiyə böyük təsir göstərmişdir. Avropalıların ərəb-fars mədəniyyəti ilə təması nəticəsində bu təsir İslam dünyasından kənarlara yayıldı. Qərb ilə Şərq arasında daha ardıcıl təmasların baş verdiyi bölgələr İspaniya, İtaliyanın bəzi məntəqələri və Fransanın cənubu (Provans) idi: burada bir sıra dini və mədəni təzahürlər meydana gəldi. Bunu yeni dövranın formalaşdığı qaynar qazana bənzətmək olardı. Uzun əsrlər boyunca Avropa dünyagörüşünün nöqteyi-nəzər mərkəzi olmuş dövlət və din anlayışları öz müqəddəsliyini itirir, İnsan yüksək dəyərlərin daşıyıcısına çevrilirdi. İntibaha yol açmış, Almaniyada kilsə reformasiyasına gətirib-çıxarmış humanizm ideyaları Qərb sivilizasiyasının mədəniyyətinin və siyasi quruluşunun xarakterini müəyyən edirdi. Humanizm məhz Allahla İnsanın vəhdəti barədə mistik nəzəriyyədə öz ideoloji əsasını tapmış oldu.

XII əsrdə Provansda (cənubi Fransa) öz şeirlərində gözəl Məşuqu vəsf edən trubadurlar (küçə müğənniləri) meydana çıxdılar. Elə "trubadur" sözü bir fərziyyəyə görə, ərəbcə "tarabə" (oxumaq) sözündən qaynaqlanır. Trubadurlar "qarşısında bütün dünyanın və gözəlliyin heç olduğu" kimsənin şəninə şeir qoşub oxuyurdular (Bernart de Ventadorn). Şairin sevgilisi teofaniyanın (ilahi təzahürün) təcəllası idi, amma bununla yanaşı, öz konkretliyini və bəşəriliyini də itirməmişdi. Burada ilahilik və bəşərilik xristian dinində İsanın təbiəti üçün deyildiyi kimi "bitişməz və eyni zamanda ayrılmaz şəkildə" bir-birinə çulğaşıb. Bu arxetipin ən bariz nümunəsi Dantenin Beatriçaya münasibətidir...

Trubadurların yaradıcılığı Avropa poeziyasına yaradıcı təsir göstərdi. Dante özü trubadurların poeziyasını sevirdi, onların bir neçəsini "İlahi komediya"nın personajı kimi təsvir etmişdi.

Milli.Az