İnfeksionistdən ÇAĞIRIŞ: "Qorunma tədbirlərinə xüsusi diqqət yetirməliyik"

17 Oktyabr 2020 23:55

Yoluxma saylarında stabillik müşahidə olunsa da, arxayınlaşmamalıyıq.

Milli.Az xəbər verir ki, bunu AZƏRTAC-a TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib:

"Sentyabrın 27-dən başlayaraq şanlı Azərbaycan ordusu öz gücünü, mübarizə əzmini dünyaya sübut edir. Həmin tarixdən etibarən apardığımız haqq mübarizəsində işğal altında olan torpaqlarımızın bir qismini, vacib strateji yüksəklikləri azad etmişik. Dağlıq Qarabağ və ətraf rayonların hamısının düşmən tapdağından azad olunacağı, həmin torpaqlarda Azərbaycan bayrağının dalğalanacağı günlərə çox yaxınıq. Ön cəbhənin qəhrəmanlarının göstərdiyi şücaət bizim hər birimizə sevinc bəxş edir, ürəyimiz dağa dönür. Bəzən isə sevincimizi içimizdə boğa bilmir, qələbəmizi bir yerə toplaşaraq qeyd edirik. Lakin bu zaman iki amili unutmamalıyıq. Bunlardan biri ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar paytaxt da daxil olmaqla, bir sıra şəhər və rayonlarda saat 21:00-dan 06:00-dək tətbiq olunan komendant saatı, digəri isə xüsusi karantin rejimidir. Yaddan çıxarmamalıyıq ki, pandemiya hələ davam edir. Yoluxma saylarında stabillik müşahidə olunsa da, arxayınlaşmamalıyıq".

Onun sözlərinə görə, bu dönəm hər birimiz üçün çox həssas bir dövrdür: "Hər kəsin torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşən əsgərlərimizi düşünməsi və onlara dəstəyini nümayiş etdirməsi qürurverici bir haldır. Digər tərəfdən isə biz sağlamlığımızı da unutmamalıyıq. Koronavirusun dünyada geniş vüsət almasını, respirator xəstəliklərin baş qaldırdığı dövrdə olduğumuzu nəzərə alsaq, daha da diqqətli olmağımız vacibdir. Çünki özümüzü qorumasaq, müharibənin davam etdiyi dönəmdə əlavə problemlər yarana, hər hansı bir məsuliyyətsiz davranış ağır nəticələrə səbəb ola bilər. Ona görə də bütün vətəndaşlara fərdi mühafizə vasitələrindən istifadəyə, sosial məsafə prinsiplərini gözləməyə, əl gigiyenasına əməl etməyə davam etmələrini və daha da məsuliyyətli davranmalarını tövsiyə edirəm.

Hər kəsi özünü və ön cəbhədə vuruşan qəhrəman oğulları düşünərək qorunma tədbirlərinə xüsusi diqqət yetirməyə çağırıram".

Milli.Az