Professordan: Arxayınlaşmaq olmaz, çünki virus bizim aramızdadır

17 Oktyabr 2020 23:40

Artıq bir müddətdir ki, ölkədə koronavirusa yoluxma halları, epidemik vəziyyət tam nəzarət altındadır. Gündəlik yoluxma əsasən 100-150, bəzi günlərdə isə daha az olur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov açıqlayıb. Onu sözlərinə görə, bu, bir tərəfdən görülmüş işlərin, digər tərəfdən vətəndaşların qoyulan qaydalara riayət etməsinin nəticəsidir.

A. Qurbanov bildirib ki, yoluxma sayları azaldıqca, vəziyyət daha da stabilləşdikcə Nazirlər Kabineti yanında Operativ Qərargah vaxtaşırı yumşalma tədbirləri tətbiq edir. Yumşalma tədbirlərinin sayı artdıqca qorunma tədbirlərinə daha ciddi əməl olunmalıdır: "Maskadan istifadə, məsafənin saxlanılması, əl gigiyenasına əməl olunması yenə də gündəmdədir. Yoluxma saylarının azalması ilə tam sərbəst olmağı düşünmək və arxayınlaşmaq olmaz. Çünki virus bizim aramızdadır, o, heç yerə getməyib. Yoluxma saylarında artımın olmamasına çalışmalıyıq. Çünki bu, arzuolunmaz nəticələrə səbəb olur, ağır xəstələrin, xəstəxanaya yerləşdirilənlərin sayı artır. Ona görə də hamımız çox diqqətli olmalıyıq".

Professor hazırda müharibə dövrünü yaşadığımızı vurğulayaraq bunları deyib: "Bizim şanlı ordumuz tarixi qələbələr qazanır. Müharibədə ön və arxa cəbhələr mövcuddur. Ön cəbhədəki qələbələr müəyyən qədər arxa cəbhədən də asılıdır. Arxa cəbhədə tam gücümüzlə fəaliyyət göstərmək və ön cəbhəyə əlimizdən gələn köməyi etmək üçün gərək öz sağlamlığımızı qoruyaq. Arxa cəbhədə problemlə üzləşsək, əlavə çətinliklər yarana bilər. Digər tərəfdən müharibə zamanı yaralılar da olur. Onların müalicəsi xəstəxanalarda aparılır. Biz elə etməliyik ki, xəstəxanalar koronavirus xəstələri ilə yüklənməsin. Bu səbəbdən qorunma tədbirlərinə daha ciddi əməl etməliyik.

Bildiyimiz kimi, oktyabrın 1-dən V-IX siniflər əyani təhsilə başlayıblar. Bu, təmasların artması deməkdir. Qorunma tədbirlərinə əməl olunmasa, təmasların artımı yoluxma saylarına da təsir edə bilər. Elə etməliyik ki, təmaslar yoluxma saylarına ciddi təsir etməsin, məktəblər daimi açıq qalsın, şagirdlər gündəlik dərslərinə davam edə bilsinlər, sonradan yenidən qapanmalara getməyək. Burada valideyn və müəllimlərin üzərinə məsuliyyət düşür. Onlar hər gün məktəblilərin necə davranmalarını onlara başa salmalı və buna nəzarət etməlidirlər. Doğrudur, koronavirus məktəblilərdə ciddi problemlər törətmir. Lakin onların xəstəlikdə infeksiya mənbəyinə çevrilmə təhlükələri narahatlıq doğurur. Məktəbdə yoluxmuş uşaq evdə ailə üzvlərini xəstələndirə bilər. Nəticədə yoluxmaların sayında artma müşahidə oluna bilər. Ona görə də qaydaları bilməyən şagirdlərə bunlar öyrədilməlidir. Yaxşı olardı ki, ilk dərs günlərində, ilk dərs saatlarında müəllimlər şagirdlərinə virus haqqında danışsınlar. Belə yanaşsaq, məktəblərin fəaliyyəti daimi ola bilər, heç bir əlavə məhdudiyyətə ehtiyac yaranmaz. Müntəzəm olaraq məktəb yaşındakı uşaqlar üçün maarifləndirici tədbirlərin görülməsi vacibdir".

Mütəxəssisin sözlərinə görə, pandemiya uzun müddət davam edə bilər: "Ola bilər ki, biz bununla gələn il də məşğul olaq, profilaktik tədbirlər aparaq. Əhalinin böyük əksəriyyətində, təxminən üçdə iki hissəsində tam immunitet yaranır, ondan sonra virus aramızdan gedir. Hesab edirəm ki, gələn yaya qədər biz bəzi problemlərlə üzləşə bilərik. Lakin ondan sonra bunun bizi ciddi narahat edəcəyini düşünmürəm".

Milli.Az