“Nobel Komitəsi özünü hörmətdən salıb” - Yazıçılarımız laureatı tanımadı

10 Oktyabr 2020 17:15

Xəbər verdiyimiz kimi 2020-ci il üzrə Nobel mükafatı yəhudi əsilli ABŞ şairi Luiza Qlükə verildi. 

Milli.Az Kulis.az-a istinadən bu barədə yazıçılarımızın fikrini öyrənib. Cavabları təqdim edirik.

Elçin

Müəllif haqda bir söz deyə bilmirəm. Çünki o şairənin əsərlərindən xəbərsizəm. Oxumamışam, amma ümumilikdə desəm, Nobel mükafatı 15-20 il bundan əvvəlki mükafat deyil. Onun təltif etdiyi ədiblərlə etmədiyi ədibləri müqayisə etsək, təltif olunmayanlar daha güclü çıxar, nəinki tərtib olunanlar.

Saday Budaqlı

Dünyada şeir az oxunur. Müəllifi heç düz-əməlli tanımırıq. Onun haqqında bir şey deyə bilmirik. Demək olar, onu oxumamışam. Axır vaxtlar Nobel mükafatına maraq azalıb. Çünki elə müəlliflərə verirlər ki, dünyada bəyənilməyən, qəbul olunmayanlardır. Buna görə bir az özlərini hörmətdən salıblar. Nobel mükafatçısı haqda oxumadığıma görə geniş fikirlər deyə bilmirəm.

Səfər Alışarlı

Bu saat məni Qarabağdakı müharibədən başqa heç nə düşündürmür. Nobel mükafatı yüksək ədəbi ödüldür, amma ondan da böyük mükafat vətən torpağını işğaldan azad etməkdir. Hər şey döyüşən əsgərimizə qurban!

Rəşad Məcid

Tanımıram. Oxumamışam. Şairə verilməsi xoş hadisədir.

Aqşin Yenisey

Görünür, şeir dünyada ölsə də, Amerikada təzə-təzə dirilməyə başlayır. Luiza xanım Bob Dilandan sonra ikinci Amerika şairidir son dövrlərdə Nobel Akademiyasının diqqətini cəlb edir. Amma biz canfəşanlıqla bir neçə il əvvəl Bob Dilanın yaradıcılığına girişib ciddi heç bir şey tapmadıq və unutduq. Təki bu məyusluğu Luiza xanımın yaradıcılığını eşələyəndə yaşamayaq.

Rəbiqə Nazimqızı

Amerikalı şairlə tanış deyiləm, amma maraqlı gəldi. Şeirlərini oxuyacam.

Alpay Azər

Düzü, bu şairənin adını ilk dəfədir eşidirəm. Və düzünü deyim, dünyada tanınmış şairlərin yarıdıcılığı ilə o qədər tanış deyiləm, daha çox nəsr oxuyuram. Ümumi şəkildə belə deyim: yaxşı olardı ki, növbəli şəkildə, bir il yazıçı, o biri il isə şairə Nobel mükafatı verilsin. Bu, janra münasibət, seçim məsələsində daha ədalətli yanaşma olardı.

Cavid Zeynallı

Luiza Qlükanı tanımıram, ona görə konkret nəsə deməyə çətinlik çəkirəm. Daha çox nəsrə veriləcəyini düşünürdüm. Məsələn, Marqaret Atvud. Yaxud Murakami. Amma olmadı.

Cəlil Cavanşir

Bu il Nobelin şairə verilməsi mənim üçün gözlənilən idi. Adı daha çox hallanan namizədlər arasında bir neçə şair vardı. Ardıcıl olaraq romançılara Nobelin verilməsini nəzərə alsaq, bu il şairin Nobel alması mənə təbii görünür. 2016-cı ildə də Nobel mükafatını şair almışdı. Cəmi dörd il əvvəl şair ən yüksək ədəbiyyat mükafatı alırsa, dünyada şeirin ölməsindən danışmaq absurddur. Şeirin ölməsi ilə bağlı söhbətlər neçə əsrlərdir davam edir. Bu məntiqlə çoxdan gündəmdən çıxmalı idi. Ancaq gördüyünüz kimi şeir var, olacaq və dünya şeirin dəyərini ən yüksək səviyyədə verməyi bacarır.

Tezliklə Luiza Qlükanın yaradıcılığı ilə daha yaxından tanış olacağam.

Sahilə İbrahimova

Şeir ölüb deyənlərlə razı deyiləm. Dünyada olduqca nüfuzlu şeir müsabiqələri keçirilir. Nəsrin kinoya və s. keçid etməsi, daha çox pul gətirməsi mümkündür deyə kitab agentləri daha çox yazıçılarla işləmək istəyir, amma bu, şeirin ölməsi anlamına gəlmir. Luiza Qlüka 31-ci qadındır ki, Nobel alır. Buna ayrıca sevindim. Mütləq şeirlərini oxuyacam. Son vaxtlar xarici müəlliflərin şeirlərinə maraq göstərirəm.

Mirmehdi Ağaoğlu

Luiza Qlük haqqında ətraflı heç nə deyə bilmərəm. Lakin bayaqdan oxuduğum rəylərdə neqativ bir fikrə rast gəlmədim. Belə başa düşdüm ki, Nobel Komitəsi layiqli namizədi seçib.

Samirə Əşrəf

Luiza Qlük haqqında internetdə bəzi araşdırmalar aparanda kitablarının həm rus, həm də türk dillərinə illər əvvəl çap olunduğunu öyrəndim. Diqqətimi çəkən isə Qlükun bir şairə kimi çox məhsuldar olmasıdır. Xeyli nüfuzlu mükafatlar qazanıb. Ümid edək ki, yaxın zamanda kitabları bizim dilə də tərcümə olunar. Hərçənd, ötən ilin Nobel mükafatı qaliblərinin bizim dildə əsərlərini hələ də oxuya bilməmişik.

Milli.Az