Bakıda dünya və Avropa çempionunun maşını qaçırılıb
23 Aprel 2010 15:16
Paytaxtın Xətai rayonunda Avropa və dünya çempionunun avtomobili qaçırılıb. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, cüdo üzrə dəfələrlə Avropa və dünya çempionu olmuş Kifayət Qasımovaya məxsus "Mazda" markalı avtomobil Həzi Aslanov qəsəbəsindəki avtoyuma məntəqəsindən aparılıb. Maşınını yuyulmaq üçün avtoyuma məntəqəsinə qoyan K.Qasımova qayıdarkən maşını orada görməyib və bu barədə polisə müraciət edib.
Xətai rayon Polis İdarəsi və 37-ci polis bölməsinin əməkdaşlarının birgə keçirdiyi axtarış tədbirləri nəticəsində maşını qaçıran şəxs tutulub. Məlum olub ki, maşın elə avtoyuma məntəqəsinin işçisi Aydın Əzimov tərəfindən qaçırılıb.
Əvvəllər də maşın qaçırdığına görə məhkumluq həyatı yaşayan A.Əzimov ilkin ifadəsində maşını sürmək üçün qaçırdığını deyib.
Faktla bağlı Aydın Əzimov barəsində Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitələrini ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Anar Məmmədov
Milli.Az