Rusiyadakı azərbaycanlılar bəyanat yaydılar

5 Oktyabr 2020 15:32

Oktyabrın 4-də Ermənistan ərazisindən Tərtər və Horadiz, eləcə də Gəncə və Mingəçevirin məqsədyönlü şəkildə raket atəşinə tutulması məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "AzərRos" Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Federal Şurasının bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan qoşunları tərəfindən Azərbaycanın yaşayış məskənlərinin və dinc sakinlərinin vurulması beynəlxalq humanitar hüququn, o cümlədən Cenevrə konvensiyasının kobud şəkildə pozulması deməkdir:

"Ermənistanın dinc sakinlərə zərbələrinin məqsədi Azərbaycanı Ermənistanda hədəflərə cavab zərbələri endirməyə vadar etmək və münaqişəyə Rusiya ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını cəlb etməkdir. Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti əmindir ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı üçüncü tərəflərin heç bir təxribatçı fəaliyyəti ilə pozula bilməz. Bütün həmvətənlərimizi təmkinli olmağa və heç bir təxribata uymamağa çağırırıq".

Milli.Az