Azərbaycan klubu çempion oldu!

30 Dekabr 2011 09:10
Bu gün İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirinə yekun vurulub. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubunun həlledici oyundakı rəqibi Fransanın "Kann" komandasıydı.

Qeyd edək ki, yarışın ilk günündə Rusiyanın "Severstal" (3:1) və Fransanın "Kann" klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlmişdi. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi - Braziliyanın "Unilever" komandası rəqib oldu. Bu rəqibini də yenən (3:0) komandamız adını finala yazdırdı. Digər yarımfinal cütündə isə "Rabitə" kimi qrup birincisi olmuş İsveçrənin "Volero" klubu məhz Azərbaycan çempionunun qrupundan ikinci yerlə çıxan "Kann"la üz-üzə gəldi. Fransa təmsilçisi daha inamlı oyun sərgiləyərək, finala vəsiqə qazandı - 3:0 (25:19, 25:15, 33:31).
 
Gözlənildiyi kimi, "Rabitə" bu dəfə də "Kann" ilə dueldən qalib ayrıldı. Qrup mərhələsindən fərqli olaraq, fransızlar bu dəfə asanlıqla uduzmayıblar. Lakin sonda yenə bu rəqibini məğlub etməyi bacaran Azərbaycan çempionu 2011-ci ildə qatıldığı üçüncü mötəbər turnirdə də ən güclü adını qazanmağa nail olub.
 
Final matçı ilə yanaşı, bu gün həmçinin 5-ci yer uğrunda oyunda Rumıniyanın "Dinamo" və Rusiyanın "Severstal" klubları qarşılaşıb. Ruslar qələbə sayəsində sonuncu olmaqdan yaxa qurtarıblar. 3-cülük uğrunda isə "Volero" və "Unilever" mübarizə aparıb. Braziliya təmsilçisi rəqibini darmadağın edərək, bürünc medallara sahib çıxıb.
 
Top Volley İnternational
Final mərhələsi
29 dekabr
 
Final
Rabitə - Kann - 3:1 (28:26, 25:22, 22:25, 25:21)

3-cü yer uğrunda oyun
Volero - Unilever - 0:3 (22:25, 13:25, 24:26)
 
5-ci yer uğrunda oyun
Severstal - Dinamo - 3:0 (25:19, 25:15, 25:21)
 
Milli.Az