Parisdəki bıçaqlı hücumu terror aktı adlandırdı

26 Sentyabr 2020 13:13

Fransanın Daxili İşlər naziri Jerald Darmanen Parisdə "Charlie Hebdo" jurnalının keçmiş redaksiyasının binası yaxınlığında iki jurnalistə qarşı hücumu terror aktı adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, müvafiq bəyanatla o, cümə günü "France 2" telekanalının efirində çıxış edib.

"Aydındır ki, bu terror aktıdır. Bu, "Charlie Hebdo" redaksiyasının yerləşdiyi küçədə baş verib, onlar terrorçular kimi hərəkət ediblər", - nazir deyib. 

"Şübhəsiz ki, bu, ölkəmizə, jurnalistlərə qarşı yeni qanlı hücumdur", - deyə Darmanen bildirib.

O, terrorçuların "Fransız identikliyini məhv etmək istədiklərini" də vurğulayıb.

Xatırladaq ki, sentyabrın 25-də Parisdə "Charlie Hebdo" jurnalının keçmiş redaksiyasının yaxınlığında naməlum şəxslər yoldan keçən jurnalistlərə bıçaqla hücum ediblər. Fransanın Baş Naziri Jan Kasteks bildirib ki, zərərçəkənlərin həyatı təhlükə altında deyil. Fransa Prezidenti Emmanuel Macron hücum barədə məlumatlandırılıb və vəziyyəti izləyir.

Milli.Az