Böyük finalın adı: "Rabitə" - "Kann"
29 Dekabr 2011 09:49
İsveçrənin Bazel şəhərində təşkil olunan qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirində finalçıların adları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubunun həlledici oyundakı rəqibi Fransanın "Kann" komandası olacaq.
Qeyd edək ki, yarışın ilk günündə Rusiyanın "Severstal" (3:1) və Fransanın "Kann" klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlmişdi. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi - Braziliyanın "Unilever" komandası rəqib olmuşdu. Bu rəqibini də yenən (3:0) komandamız adını finala yazdırmışdı.
Digər yarımfinal cütündə isə "Rabitə" kimi qrup birincisi olmuş İsveçrənin "Volero" klubu məhz Azərbaycan çempionunun qrupundan ikinci yerlə çıxan "Kann"la üz-üzə gəlib. Fransa təmsilçisi daha inamlı oyun sərgiləyərək, finala vəsiqə qazanıb - 3:0 (25:19, 25:15, 33:31).
Turnirə bu gün yekun vurulacaq. 5-ci yer uğrunda oyunda Rumıniyanın "Dinamo" və Rusiyanın "Severstal" klubları üz-üzə gələcəksə, 3-cülük uğrunda "Volero" və "Unilever" mübarizə aparacaq. Həlledici qarşılaşmada isə "Rabitə" qrup mərhələsində darmadağın etdiyi "Kann"la görüşəcək.
Milli.Az