Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib

26 Sentyabr 2020 22:40

Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib. Belə ki, videoservis onu və onun iş yoldaşlarını gündəlik şiddət xarakterli kontentin izlənməsi nəticəsində yaranmış psixoloji travmalardan qorumayıb. Bu barədə Cnet saytı xəbər verib. Videoservisə qarşı qaldırılmış məhkəmə iddiasında bildirilib ki, Youtube mütəmadi şəkildə öz daxili təhlükəsizlik qaydalarını pozub və moderatorlara lazımi yardımı göstərməyib.

Məhkəmə iddiasını qaldırmış şəxs gün ərzində kanibalizm, uşaqların zorlanması, suiqəsd, özünə bədən xəsarətləri yetirmək, zoofiliya və kütləvi güllələnmə mövzularını əhatə edən videoları izləməli imiş. Youtube-u məhkəməyə vermiş anonim şəxs bildirib ki, videoservisdə çalışma nəticəsində o, ağır psixoloji travma keçirdib və onda posttravmatik stress pozuntusu ilə stress simptomları yaranıb.

Məhkəmə iddiasında həmçinin qeyd olunub ki, həmin şəxsdə yuxu problemləri də ortaya çıxıb. Məsələn, yuxusuzluq, qorxulu yuxular və panik atak. Bununla yanaşı həmin şəxs konsertlər kimi çox insanın olduğu yerlərə də gedə bilmir. Belə ki, o, kütləvi güllələnmədən qorxur. Sözügedən şəxs Collabera agentliyində çalışırdı. Bu agentlik isə kontent moderasiyası üzrə Youtube servisinin podratçısıdır. Məhkəmə iddiasında hər iki şirkətdəki mənfi özəlliklərdən danışılıb.

- Təlim zamanı yeni əməkdaşlar heç bir xüsusi hazırlıq keçmədən şiddət xarakterli kontentlər ilə tanış olurdular. Stajçılar bildirirlər ki, özlərini pis hiss edən şəxslər otaqdan çıxa bilərlər. Lakin iş yerini itirmək qorxusu səbəbilə heç kim otaqdan çıxmır.

- Məşqlər zamanı koordinatorlar əməkdaşların özlərini necə hiss etmələrinə və dözümlülüklərinə fikir vermirdilər. Onlar daimi olaraq idmanla məşğul olmağı, yaxşı yatmağı və iş prosesində fasilələr etməyi məsləhət görürdülər. Lakin kontent moderatorlar işə başlayan kimi başa düşürdülər ki, heç bir fasilədən söhbət belə gedə bilməz.

- Youtube-un daxili qaydalarına əsasən moderatorlar gün ərzində 4 saatdan çox kontent izləməməlidirlər. Lakin işçilərin az sayda olması səbəbilə videoservisdə artıq çalışan şəxslər vaxtlarından daha çox işdə saxlanılırdılar.

- Youtube moderatorları insan səhhəti üzrə təlimatçılar ilə konsultasiya keçə bilərlər. Lakin məhkəmə iddiasında qeyd edilib ki, həmin təlimatçılar tibbi hazırlığa sahib deyil idilər. Buna görə də onlar psixoloji pozuntunun diaqnozunu təyin etməyi və ya onu müalicə etməyi bacarmırdılar. Təlimatçılardan biri məhkəmə iddiasını qaldırmış şəxsə qadağan olunmuş dərmanlar qəbul etməyi, digəri isə tanrıya güvənməyi məsələhət görmüşdü.

- Moderatorlar açıq şəkildə öz problemləri haqqında təlimatçılar ilə danışmırdılar. Çünki onlar qorxurdular ki, rəhbərlik həmin problemlərdən xəbər tutacaq və nəticədə işdən qovulma riski böyüyəcək.

Məhkəmə iddiasında həmçinin qeyd edilib ki, Youtube özünü bütün məsuliyyətdən azad etmək üçün hər bir tədbiri görüb. Belə ki, kontent moderatorları imza çəkdikləri müqavilədə deyilir ki, onların işləri posttravmatik stress pozuntusuna gətirib çıxarda bilər. Youtube servisinin keçmiş kontent moderatorunun məhkəmə iddiası ilə məşğul olan Joseph Saveri adlı hüquq şirkəti daha öncədən bu cür mövzu barəsində Facebook şirkətinə qalib gəlmişdi.

Həmin məhkəmə prosesi nəticəsində Facebook şirkəti öz işində posttravmatik stress pozuntusu qazanmış moderatorlara ümumilikdə 52 milyon dollar təzminat ödəməyə razılıq vermişdi. 2018-ci ilin mart ayında Facebook-un kontent moderatoru iş yerində ürək tutmasından həyatını itirmişdi. Onun iş yoldaşları bildirmişdilər ki, həyatını itirmiş moderator daima işdən qovulacağından qorxurdu. Şirkətin digər bir əməkdaşı isə gündə 1-2 saat yatmış, idmandan tamamilə imtina etmiş və daha çox qida qəbuluna başlamışdı. Nəticədə o da posttravmatik stress pozuntusu qazanmışdı.

Milli.Az