Fransa koronavirusla mübarizədə qaydaları yenidən sərtləşdirdi

25 Sentyabr 2020 12:40

Son sutka ərzində Fransada Sars-CoV-2 virusuna yoluxanların sayı 13 min 72-yə, reanimasiya şöbələrində ağır vəziyyətdə olan xəstələrin sayı isə minə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə yeni sanitar qaydalar, qadağalar elan edilib. Səhiyyə naziri Olivye Veran çıxış edərək ölkənin departamentlərinin yoluxma dərəcəsinə görə qruplara ayrıldığını bildirib. Vəziyyətin getdikcə qlobal şəkildə gərginləşdiyini vurğulayan nazir qeyd edib ki, bəzi əyalətlərdə statistikanın və xəstəxanalarda gərginliyin yenidən artması əlavə tədbirlər görülməsini tələb edir. Buna görə bəzi şəhərlərdə şənbə günündən etibarən barlar, restoranlar, eləcə də ictimai yerlər iki həftə müddətinə yenidən tamamilə bağlanacaq. Virusun aşağı səviyyədə yayıldığı şəhərlərdə isə barlar və restoranlar axşam saat 10:00-dək fəaliyyət göstərəcək.

Paris AP-HP xəstəxanasında reanimasiya şöbələrində xəstələrin sayı sürətlə artıb. Xəstəxanada planlaşdırılmış cərrahiyyə əməliyyatları naməlum vaxta qədər təxirə salınıb.

Fransanın 11 böyük şəhərində 10 nəfərdən çox toplaşmaq qadağandır. Əhalisinin hər yüz min nəfərinə görə 50 yoluxma faktının qeydə alındığı 69 şəhərdə isə bayramlar, toy, ad günü mərasimləri və digər tədbirlərdə 30-dan çox insanın toplaşması qadağan edilib.

Milli.Az