"Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacağıq" - "Legiya"nın futbolçusu

25 Sentyabr 2020 11:06

Artıq avrokuboklarda asan oyunlar olmur. Ən əsası odur ki, növbəti mərhələyə yüksəldik və hədəfimizə çatdıq. İndi növbəti matça hazırlaşmağa vaxtımız var.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Polşanın "Legiya" klubunun futbolçusu Pavel Vşolek Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Drita"ya (Kosovo) 2:0 hesabı ilə qalib gəldikləri oyunundan sonra deyib.

Polşalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında pley-offda "Qarabağ"la keçiriləcək görüş haqda da danışıb:  "Bir həftədən sonra "Qarabağ"a qarşı mövsümün ən vacib oyununa çıxacağıq. Qrupa düşüb-düşməyəcəyimizi həmin matçın nəticəsi müəyyənləşdirəcək. Həmişə müsbət düşünməyə çalışıram və inanıram ki, ən yaxşısı hələ gələcəkdir".

Qeyd edək ki, "Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib gələn komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Milli.Az