YAP İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib

24 Sentyabr 2020 19:47

Sentyabrın 24-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YAP-ın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, iclasda partiyanın pandemiya ilə mübarizə çərçivəsində həyata keçirdiyi coxşaxəli tədbirlər barədə qısa məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərlərin qarşısını almaq üçün həyata keçirilən sistemli tədbirlər müsbət nəticəsini verib.

YAP da öz növbəsində, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi ilə epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib.

İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Binəqədi, Şəmkir və Zəngilan rayon təşkilatlarının hesabat-seçki konfranslarından ötən dövr ərzində fəaliyyətlərinə dair hesabatlar dinlənilib.

İdarə Heyətinin iclasında hesabatı dinlənilən rayon təşkilatlarının fəaliyyəti qənaətbəxş hesab edilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.

İclasda daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə edilib.

Milli.Az