Yusif İldırımzadənin qaynı qətlə yetirilib, cinayət işi başlanıb - YENİLƏNİB

24 Sentyabr 2020 18:57

18:57

Prokurorluq Yusif İldırımzadənin qaynının qətli ilə bağlı məlumat yayıb.

Nərimanov rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

---------

18:08

Bakıda qətl hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57a ünvanında baş verib. Həmin ünvanda yaşayan 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlu yaşadığı evdə naməlum şəxs tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. T. Tağıyevə çoxsaylı bıçaq zərbələri endirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib. Hazırda qatilin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, qətlə yetirilən T. Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qaynıdır.

Milli.Az