Dünya ikinci dalğanın astanasında - Azərbaycanda nələr olacaq? - VİDEO

24 Sentyabr 2020 13:43

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir. Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb. 

Bir vaxtlar Azərbaycanın Gürcüstanla müqayisə edilirdi. "Onlarda necə olur yumşalmaya gedilir, bizdə yox?", "Gürcüstanın təcrübəsindən niyə yararlanmırıq?", "Gürcüstanda necə oldu yoluxma azaldı, bizdə yox?" kimi suallarla tez-tez qarşılaşırdıq. Bu gün isə həmin müqayisədən söhbət gedə bilməz. Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 259 yoluxma halı qeydə alınıb. Qardaş ölkə Türkiyədə də, Rusiyada da epidemioloji vəziyyət ürəkaçan deyil. 

Azərbaycan isə dünyanın ikinci dalğa ilə üz-üzə qaldığı bir vaxtda artıq uzun müddətdir ki, ölkədə epidemioloji vəziyyəti kontrolda saxlamağı bacarır. Yuxarıda adı sadalanan ölkələrdən fərqli olaraq karantin tədbirlərini uzun müddət davam etdirən Azərbaycan bu gün bunun xeyirini görür desəm, yanılmaram. 

COVID-19 xəstəliyinin Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınmasını, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsini, əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondu yaxın vaxtlarda çox mühüm bir missiyada əhəmiyyətli rol oynayacaq. 

Azərbaycan dövləti ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı məqsədyönlü və ardıcıl sanitar-epidemioloji tədbirlərin görülməsi istiqamətində bütün dünyanın səbirsizliklə gözlədiyi COVİD peyvəndinin ölkəyə gətirilməsi üçün ilk addımı atdı.

Hazırda bir sıra ölkələr vaksinlər üzərində iş aparır və ön sifarişlər qəbul edirlər. Lakin vaksinlərə olan tələbat həcminin onların istehsal potensialından çox olmasını nəzərə alaraq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlılıq imkanı yaratmaq məqsədilə bir müddət əvvəl Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən COVAX platforması yaradılıb.

Sentyabrın 18-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. COVAX platforması çərçivəsində ÜST tərəfindən təsdiq olunmuş vaksinlərin alınaraq Azərbaycana gətirilməsinin maliyyə xərcləri məhz Koronavirusla Mübarizəyə Dəstək Fondundan ödəniləcək.

Qeyd edim ki, indiyə qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,7 milyon manatdan çox vəsait köçürülüb.

Təhməz Əsədov
Milli.Az