"Standard & Poor’s" ARDNŞ-nin reytinqini yüksəldib

28 Dekabr 2011 21:23
Kredit reytinqləri xidməti "Standard & Poor's" ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) reytinqini "Sabit" proqnozla "BB"-dən "BB+"ə yüksəldib. Trend-in məlumatına görə, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

ARDNŞ-nin reytinqinin yüksəldilməsi Azərbaycanın müstəqil reytinqlərinin (BBB-/Sabit/A-3) yüksəlməsi ilə şərtlənib.

Reytinq fəaliyyəti dövlətlə bağlı təşkilatlara reytinq vermək üçün "Standard & Poor's"in tətbiq etdiyi metodologiyaya uyğun həyata keçirilib.

"Biz yenə də ARDNŞ-yə vaxtında və kifayət qədər dövlət dəstəyinin təqdim edilməsi ehtimalını müstəsna yüksək kimi qiymətləndiririk. Şirkət 100 faiz dövlətə məxsusdur və yüksələn xətt üzrə inteqrasiya etmiş struktura malikdir. Biz hesab edirik ki, ARDNŞ ölkə iqtisadiyyatı üçün həlledici, xüsusilə də neft-qaz sektorunda strateji vacib əhəmiyyətə malikdir. Bundan başqa, ARDNŞ işçi qəbul edən iri şirkətdir. ARDNŞ neft emalı və neft kimyası sahələrində inhisar mövqeyə malikdir və dövlətin neft kəşfiyyatı və hasilatı üzrə iri beynəlxalq layihələrdə - "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" (müvafiq olaraq, 11,6461 faiz və 10 faiz) minoritar səmdarı və təmsilçisidir", - məlumatda qeyd edilir.

Agentlik ARDNŞ-nin Azərbaycan hökuməti ilə əlaqələrini möhkəm kimi qiymətləndirir. "Hökumət mühüm rəhbərləri təyin edir və ARDNŞ-nin strategiyasını müəyyənləşdirir. Halbuki mövcud fəaliyyətin idarə edilməsi şirkət səviyyəsində həyata keçirilir. 2008-2009-cu illərdəki böhran zamanı hökumət şirkətə onun kapital qoyuluşları və borc öhdəliklərinin yenidən maliyyələşdirilməsini dəstəkləmək üçün kapitalda cəmləşmə və dövlət banklarının krediti formasında maliyyə təqdim edib", - məlumatda deyilir.

2011-ci ilin iyulunda AÇG-də 1,6461 faiz həcmində 485 milyon dollar dəyərində əlavə payın əldə edilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təqdim etdiyi uzunmüddətli borc vəsaiti hesabına maliyyələşdirilib. Bununla yanaşı, hökumət ARDNŞ-nin əsas borcu üzrə zəmanət vermir.

"Biz şirkətin kredit qabiliyyəti xararteristikalarını "bb" səviyyəsində, biznes-risk isiqamətini məqbul, maliyyə riski istiqamətini isə mühüm qiymətləndiririk. Bu qiymətləndirmə nəzarət səhm paketinin ARDNŞ-yə məxsus olduğu yetkin yataqlar da daxil olmaqla, aktivlərin münasib keyfiyyətini, kifayət qədər istifadə edilməyən və buna görə də aşağı gəlirli neft emalı və neft kimya zavodlarını, eləcə də AÇG və "Şahdəniz"də yalnız minoritar olan səhm paketini əks etdirir. Keçmişdə hökumət aşağı göstəricilərə malik "Azərikimya" və "Azəriqaz" dövlət müəssisələrinin xilas edilməsi üçün ARDNŞ-dən istifadə edib", - agentliyin ekspertləri hesab edir.

S&P-nin qiymətləndirməsi, həmçinin, layihələrin təsdiqi zamanı ölkədə neft hasilatının həcminin artırılmasına yönəlmiş və ya şirkətin digər aktivləri əldə edərkən potensial iri kapital qoyuluşlarını əks etdirir. S&P-nin aktivlərin əldə edilməsinə meyilli olmasını Türkiyənin neft-kimya müəssisəsi "Petkim"in nəzarət paketinin 2 milyard dollara alınması da sübut edir. Bundan başqa, hökumət ölkənin bütün neft emalı və neft-kimya sahəsinin yenidən qurulması və modernləşdirilməsi məsələsini nəzərdən keçirir.

"Əgər hökumət bu xərcləri tam üzərinə götürməsə, ARDNŞ-nin kapital xərcləri xeyli artacaq. Müsbət amil odur ki, ARDNŞ hökumətdən mühüm cari dəstək alır. Onun düzəldilmiş borcu isə kifayət qədər nəzarət edilən səviyyədədir. Bu isə kredit qabiliyyətinin yaxşı göstəricilərinə səbəb olur", - məlumatda deyilib.

"Sabit" proqnozu Azərbaycanın müstəqil reytinqlər üzrə analoji proqnozlarını əks etdirir.

Müstəqil reytinqlərin səviyyəsi ARDNŞ reytinqini müəyyənləşdirən əsas amildir. Bu da ancaq şirkətə təcili dövlət dəstəyinin verilməsinin yüksək ehtimalı ilə əsaslanıb. Dövlətlə bağlı təşkilatlara reytinq verilməsi metodologiyasına uyğun olaraq, müstəqil reytinqin yüksəldilməsi və azaldılması ARDNŞ-nin reytinqinin yüksəlməsi və ya aşağı düşməsinə səbəb olacaq.

Reytinqin yüksəldilməsinin əlavə imkanı ARDNŞ-nin kredit qabiliyyəti xarakteristikasının yaxşılaşdırılması ilə şərtlənə bilər. Bu isə, məsələn, iri kapital qoyuluşları dövlət tərəfindən maliyyələşdirilən zaman baş verə bilər. Bu, şirkətin borc öhdəliklərinın buraxılması hesabına mümkün deyil.

Ekspertlərin fikrincə, reytinqin azalması az ehtimal olunur və ARDNŞ ilə dövlət arasında əlaqələrin zəifləməsi halında baş verə bilər. Dövlətlə bağlı təşkilatlara reytinq verilməsi metodologiyasına uyğun olaraq, ARDNŞ-nin kredit qabiliyyətinin xarakteristikasının xeyli pisləşməsi ("b+" və daha aşağı) reytinqə təzyiq göstərə bilər, lakin S&P bu ssenarinin başvermə ehtimalının az olduğunu hesab edir.

Milli.Az