Misirin fironlar məzarlığında 2500 il əvvələ aid sarkofaqlar tapılıb

23 Sentyabr 2020 23:05

Misir arxeoloqları Saqqara yaxınlığında yerləşən fironlar məzarlığında 2500 il əvvələ aid 27 sarkofaq aşkar ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni tapıntılar bu bölgədə ən böyük arxeoloji kəşf sayılır. Tapılan sarkofaqların əksəriyyəti firon Coserin dövrünə aiddir. Məhz həmin dövrdə ilk ehramların tikintisinə başlanılıb.

Misirin Qədim Abidələr Şurasının məlumatına görə, 3 min il öncə fironların və ailə üzvlərinin dəfn məkanı olan Saqqara bölgəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. On bir metr dərinlikdə tapılan və içərisində mumiyalar olan sarkofaqlar müxtəlif rənglərdə naxışlar, habelə heroqliflərlə bəzədilib.

Arxeoloq Əhməd Əbdüləziz jurnalistlərə müsahibəsində bildirib ki, artıq beş ildir bu bölgədə arxeoloji qazıntılar davam edir və tapılan sarkofaqlar yaxın vaxtlarda açılacaq Böyük Misir Muzeyinə təqdim ediləcək. O əlavə edib ki, yeraltı qəbiristanlıqda sarkofaqlarla yanaşı, çoxlu sayda qiymətli əşyalar da var.

Misirin Turizm və Qədim Abidələr naziri Xalid Ənani bildirib ki, ölkənin Giza, Saqqara, Asuan və Luksor bölgələrində 25 ölkənin arxeoloqlarının təmsil olunduğu 300 ekspedisiya fəaliyyət göstərir. Bu yaxınlardan Çin arxeoloqları da onlara qoşulublar. Onun sözlərinə görə, əsas məqsəd Qədim Misir sivilizasiyasına aid çoxlu sayda abidələri aşkara çıxarmaqdır.

Milli.Az