Cinlər barədə bilmədiklərimiz - Təsəvvür etdiyimiz kimi qorxulu deyillər

23 Sentyabr 2020 11:34

Milli.Az ilahiyyatçı Bəşir Mansurovun cinlər barəsində araşdırmasını təqdim edir:

Bismilləhir rahmənir rahim

Cin tayfası barədə məlumatlara keçməzdən öncə bir neçə xatırlatma etmək yerinə düşərdi. Əvvəla qeyd edim ki, bu tayfalar haqqında düzgün məlumatı yalnız Quranın, Əhlibeytin (ə) və Allah dostlarının təqdimatında öyrənə bilərik. Bəzən bəzi istisna hallarda ola bilər ki, digər mənbələrə də müraciət edək. Hər halda əsas istinadgahımız Quran və Əhlibeyt (ə) olacaq.
İkinci olaraq qeyd etməliyəm ki, ola bilər ki, ilk məqalələrdə olan məlumatlar sizə tanış olsun və ya çox da maraqlı gəlməsin. Xüsusi olaraq bildirim ki, bu əsas məlumatlar olmadan biz cinlər barədə düzgün yanaşmaya sahib ola bilmərik. O üzdən ilkin paylaşacağım məlumatları diqqətlə oxumaq və yadda saxlamaq zəruridir.

Üçüncüsü isə mən bu məlumatları elə ardıcıllıqla tərtib etmək arzusundayam ki, cin tayfası barədə heç bir məlumatı olmayan şəxslər də belə bu məlumatlar nəticəsində sıfırdan başlayaraq mövzu barədə düzgün təsəvvürə malik ola bilsinlər. Həmçinin də məqsədimiz cin tayfası barədə yanlış təsəvvürlər tamamilə aradan aparmaqdır.
Uca Allah nə qədər lütf edərsə...

"Cin və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam"
Zariyat surəsi, 56-cı ayə.

Cin məsələsi Qurani-Kərimdə aşkar və dəqiq formada qeyd olunmuşdur. İslam əqidəsinə və digər səmavi dinlərə görə cinlərin mövcudluğu aksiom bir məsələdir, yəni onların varlığına səmavi dinlərdə şübhə yoxdur. Qurana əsasən cinlər də eynilə biz insanlar kimi, bir çox məqamlarda bizə çox bənzər olaraq yaradılmış varlıqlardır. Bizim şəxsiyyətimiz, şüurumuz, qidamız, məskənimiz, paltarımız və sairə digər həyati əhəmiyyət daşıyan ehtiyaclarımız olduğu kimi, cin tayfasının da bütün bunlara bənzər ehtiyacları və özlərinəxas həyat tərzləri vardır. 

"Cin" sözünün ərəb dilindən tərcümədə mənası "gizli", "örtülü", "bağlı" deməkdir. Yəni onlara gözlə görünə bilmədikləri və əyani müşahidə oluna bilmədikləri üçün cin deyilib. Ərəb dilində "cin" söz kökündən yaranmış bütün kəlmələr örtüməyə və gizliliyə dəlalət edir. "Cənnət" sözü də bu kökdən yaranmış sözdür və ağaclarla örtülü olduğu üçün "cənnət", yəni örtülmüş yer adlanır. Ərəblər ana bətnində olan uşağa da örtülü və gizli olduğuna görə "cənin" deyirlər. Qurani-Kərimdə "cin" kəlməsi 50 dəfə müxtəlif formalarda istifadə olunmuşdur.

Cinin vücudu bizim maddi hissiyyat üzvlərimizdən gizlidir. Qurana əsasən deyə bilərik ki, cinlər tüstüsüz oddan yaradılmış varlıqlardır. Yəni onların yarandığı ilkin material plazmadır. İnsanın ilkin mənşə olaraq torpaqdan yaranıb, lakin hal-hazırda isə ət və sümükdən ibarət olduğu kimi, cinlər də oddan yaranıb özlərinə məxsus fiziki quruluşa, xassələrə malikdirlər. Cin metafizik (maddi təbiətə yad) varlıq olduğuna görə bizim adi halda onu gözlə görməyimiz mümkün deyil. Lakin bəzi klassik və müasir müsəlman alimləri, xüsusən də Şeyx Mufid etiqad edirlər ki, Allah cinə öz lətif (radiasiya, radioaktiv dalğa, plazma, foton və ya bizə məlum olmayan hər hansı başqa cins) cinsindən çıxıb, insanın gözünə görünə bilən maddi bir cism halı almaq qüdrəti verə bilər və bəzən bu hal müşahidə olunub. Yəni cin insan gözünə maddi bir varlıq kimi görünüb. Lakin bu görünmənin başqa bir izahı da bundan ibarətdir ki, əslində cin bizim alt şüurumuza təsir edərək özü barəsində istədiyi təsviri bizim zehnimizdə yarada bilər və biz elə təsəvvür edə bilərik ki, bizim qarşımızda müəyyən görünüşə malik bir varlıq vardır. Əslində isə o varlıq maddi olaraq qarşımızda deyil, sadəcə cinin şüurumza təsiri ilə alt şüurumuzda yaranmış qeyri-real təsvirdir. Cinlər adətən bir neçə heyvan, məsələn, ilan xaric (istisnalar da var) digər heyvanların cildinə girərək də görünə bilərlər. Cinlərin həqiqətdə necə bir görünüşə malik olmaları barədə gələcək məqalələrdə danışacayıq.

Cinlərdə də erkək və dişi cins kateqoriyası vardır. Onlar da cinsi əlaqə yolu ilə artıb törəyən varlıqlardır. Həzrət Rəsulallah (s) İmam Əliyə (ə) buyurub: "Cinlər (qəməri) ayın birinci, orta və sonuncu günü öz zövcələrilə yaxınlığı artırarlar." (Vəsaliuş-şiə, c-14, s-91) Lakin onların bu əlaqə formasının və dünyaya yeni cin gətirməsinin necəliyi barədə mənbələrdə dəqiqi bir məlumat yoxdur. Cinlər də insan kimi bioloji inkişaf dövrü keçirlər. Kiçikdən böyüyə, cavanlıqdan qocalığa doğru inkişaf edərək, sonda öz əcəllərilə dünyalarını dəyişirlər.

Qurana əsasən cinlər də insanlar kimi Allaha ibadət etmək - bəndəçilik, kamilləşmək üçün yaradılmış varlıqlardır. (Zariyat 56). Cinlərin də şüuru vardır, düşünə bilir və mühakimə yürüdürlər. Onlar da ətraf aləmi bizim kimi müşahidə və qavrama yolu ilə dərk edirlər. Cinlərin həyatı məhduddur, sadəcə ömürləri insan ömrünə nisbətən çox uzun olur. Orta hesabla ömürləri 800-1000 il arası olur. Hətta min ildən yuxarı yaşadıqları haqda da etibarlı mənbələrdə məlumatlar vardır.

Cinlər zaman etibarilə Adəmin, yəni hal-hazırda mövcud olan insan sivilizasiyasından çox-çox illər öncə yaranmış varlıqlardır. (Hicr surəsi, 27). Bəzi alimlərin iddiasına görə bu müddət qırx il olmuşdur. Lakin bu qırx ilin cinlərə məxsus zaman ili ilə olmasını fərz etsək o zaman bu bizə görə böyük bir zaman məsafəsi olar. Çünki cinlərin yaşadığı paralel aləmlə bizim aləm arasında zaman fərqi mövcud olması barədə iddialar vardır. Onların 1 ilinin bizim zamanla ən azı 35-40 ilə bərabər ola bilmə fikri də mövcuddur. Bizim üçün fərq etməz, əsas olan budur ki, cinlər insandan öncə yaranmış varlıqlardır.
Qurani-Kərimə əsasən cinlər mükəlləf, yəni Allah və İslam şəriəti qarşısında öhdəçiliyi olan varlıqlardır. İnsan kimi nisbi azadlığa malikdirlər. Öz istəklərilə Allaha ibadət edə və yaxudda üsyan edib itaətsizlik edə bilərlər. Ümumi olaraq xeyirxah və şər cin kateqoriyasına bölünürlər. (Cin surəsi, 11). Öz şəxsi arzuları, iradələri, müxtəlif xasiyyətləri, zövqləri, sevdikləri vardır. Cinlər insanda olan bütün xarakterik xüsusiyyətlərə - əsəb, səbr, şəhvət, həyəcan, qorxu, mehribanlıq, rəhm və digər xüsusiyyətlərə də sahibdirlər. Onlara da insanlar kimi iradə azadlığı prinsipi hakimdir. Cinlər haqqı batildən seçə bilmək üçün məntiqi əsaslandırma qüdrətinə malikdirlər. Yaddaşları normal orta statistik insana nisbətən çox güclüdür. Cəmiyyət halında yaşayar, tayfa, qəbilə və nəsil bölgüsünə sahibdirlər.

Cinlər mənşə etibarilə tüstüsüz və şölələnən oddan (Ər-Rahmən, 15) yaransalar da hal-hazırda bioloji olaraq alovdan ibarət deyillər. Onların da zahiri bədən quruluşu, daxili orqanları və insanda olduğu kimi hərəkət orqanları vardır. Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, bizim yanlış təsəvvürümüzdən fərqli olaraq cinlərdə quyruq və buynuz olmur. Cinlər arasında da insanlarda olduğu kimi güc fərqi mövcuddur. Nisbətən güclü və zəif cinlər vardır.

Cinlər adi halda insanın gözünə görünə bilməsə də, amma onlar insanı bizim bilmədiyimiz istiqamətlərdən müşahidə edə və eşidə bilirlər. ("Əraf", 27). Qurani-Kərimdə "Cin" surəsinin əvvəlində təqribən bu məzmunda ayə qeyd olunur ki, Həzrət Rəsulallahın (s) təbliğat üçün getdiyi Taif şəhərindən qayıdarkən Məkkə yaxınlığında bir cin vadisində Quran oxumasına bir qrup cin gizlincə qulaq asıb və öz tayfalarının yanına qayıdıb belə deyirlər:
- Həqiqətən biz heyrətamiz bir Quran eşitdik! ("Cin", 1)
Bu ayədən məlum olduğu kimi onlar insanı istədikləri vaxt kənardan dinləyə və görə bilirlər. Bəzi seçilmiş insanlar - peyğəmbərlər, övliyalar onları öz sürətində görə bilir və onlarla ünsiyyət qura bilirlər. Bəzi etibar etdiyimiz mənbələrdən alınan məlumatlara əsasən həqiqi cadugərlər də şər cinləri olduğu kimi müşahidə edə bilirlər. Ümümi insanlar isə cinləri yalnız maddi cildə girdikləri zaman və yaxud zehinlərində yaranmış təsəvvür əsasında müşahidə edə bilərlər. Buna "təməssül" deyilir. Təməssül lüğətdə bir şeyin başqa bir surətdə və qiyafədə digəri üşün zahir olması mənasını verir. Bu zaman əks tərəf təməssül edən varlığı öz əsl simasını deyil, onun başqa formada olan təsvirini görür. Təməssül edən zaman cinlər öz həqiqi formalarını əsla dəyişmirlər, onlar həqiqətdə elə cin olaraq qalırlar, lakin zahir olduqları formal (şərti) surət dəyişir. Təməssül prosesi o qədər canlı və dəqiqi baş verə bilər ki, insan onun mənbəyinin daxili (batini) və ya xarici olmasını aid edə bilməz. Cinlər təməssül edən zaman yalnız görünmək istədikləri şəxsə görünərlər. Ətrafda olanlar onu görə bilməzlər. Quran ayələrində və hədislərdə cin tayfasından olan İblisin (Diqqət! İblis, yəni Şeytan mələk deyil, cindir.) dəfələrlə təməssül edərək müxtəlif sürətlərdə zahir olması qeyd olunmuşdur. İblis Həzrət Rəsulallahın (s) təbliğatla məşğul olduğu dövrlərdə dəfələrlə insan cildinə girərərək Məkkə müşriklərini ona qarşı qaldırırdı və onlara bilmədiklərini öyrədir, məsləhətlər verir və aranı qızışdırırdı. Məşhur "Darun-Nüdbə" hadisəsi buna bir misal ola bilər: Məkkə müşriklərindən bir neçə nəfər şəxs İslam peyğəmbərilə necə edəcəkləri barədə toplantı keçirirlər və bu zaman İblis yaşlı bir kişi qiyafəsində zahir olaraq özünü Nəcd əhlindən olan yaşlı bir kişi kimi təqdim edir. Onlara məsləhət vermək üçün bura gəldiyini bildirir. Müxtəlif dəqiq məsləhətlər verərək Hz. Peyğəmbərin (s) təbliğat fəaliyyətinin qarşısını almaq üçün onları təşfiq edir. Bu hadisəni Allah vəhy vasitəsilə öz peyğəmbərinə çatdırır. ("Ənfal", 30)
Cinlər öz həqiqi formalarında heç də bizim təsəvvür etdiyimiz kimi qorxulu, çirkin, bədheybət və dişləri iri, iri buynuzlu varlıqlar deyillər. Bəzən şər cinlərin insanları qorxutmaq üçün aldıqları bəzi maddi qorxunc formaların kimlərsə tərəfindən müşahidə olunması (nadir hallarda baş verə bilir) və müxtəlif filmlər, nağıllar, əfsanələr vasitəsilə ötürülən xürafi məlumatlar zaman-zaman səbəb olmuşdur ki, insanlarda cin tayfasının görünüşü barədə səhv fikir formalaşsın.
Bəzi təqvalı müsəlman alimləri cinlərlə ünsiyyət qurub və onların necə göründüyü barədə məlumatlar əldə edə biliblər. Lakin çox təəssüf ki, onların əksəriyyəti bu barədə heç bir yazılı mənbə qoymayıblar və bu məlumatlar şifahi olaraq dillərdə dolaşıb və sonradan kimlərsə tərəfindən bir qədər dəyişkliyə uğrayaraq qələmə alınıb. Ümumiyyətlə bu mövzu barəsində çox nadir rast gəlinən yazılı mənbələr mövcuddur. İstərdim mövzunun bu hissəsində İsa Muhəmməd Davud adlı şəxsin (İslam alimi olub) Mustafa Kənçur adlı 180 yaşlı cinlə qurduğu ünsiyyət əlaqəsi zamanı cinlərin necə göründüyü barədə verdiyi suala cinin verdiyi cavabı ümumiləşdirərək müxtəsər formada sizlərlə bölüşüm:

- Cinlərin göz rəngi qırmızı və çox parıltılı olur. Bəzi cinlərdə kəhrəba rəngində də ola bilir. İnsandan fərqli olaraq gözlərinin forması yumru deyil, ellipsvari formada olur. Qulaqları azacıq at qulağına bənzəyir və çox xırda tüklərlə örtülü olur. Burunla çox uzunsov deyil, daha çox dairəvi görünüşə malikdir. Üzlərinə insanda olduğu kimi saqqal çıxır. Lakin müsəlman cinlər istisna olmaqla digər cinlər saqqal saxlamağı heç sevmirlər. Erkək cinlərin saçları çox seyrək olur, dişi cinlər isə çox uzun saç saxlayırlar. Dəri rəngləri insanlarda olduğu kimi fərqli ola bilir. Lakin əsasən əsmər və qarabuğdayı rəngdə olurlar. Bədənlərində tük az olur. Dərisinin qırmızı olduğu cinlərə də rast gəlinə bilir.

Cinlərin ömrü niyə uzun olur?

Cinlər də insanlar kimi övladlarını öz südlərilə bəsləyirlər. Südəmərlik dövürləri adətən 40-45 ilə qədər ola bilir. Onların hamiləlik dövrü insana nisbətən azdır. Cəmi 6-7 ay çəkir. Cinlərin yaşının bizə görə çox görünməsinin səbəbi isə budur ki, cinlər radioaktiv dalğaya bənzər varlıqlardır və onların aləmində olan hərəkət bizim material aləmə nisbətdə olduqca böyük sürətlə baş verir. Fizika elmindən də bizə məlum olduğu kimi hərəkət sürəti artdıqca zaman yavaşıyır. Sürət müəyyən bir nöqtəyə çatdığı zaman isə zaman durur. "Nisbilik nəzəriyyəsi"nə əsasən zaman kainatın hər yerində eyni axmır və cismin kütləsindən, qravitasiya qüvvəsindən asılı olaraq sürətli və ya zəif axa bilir. Bunu sübut etmək üçün fiziklər bir sıra praktiki sınaqlar da keçirilmişlər. Məlum olmuşdur ki, zaman kütləyə və sürətə bağlı bir məsələdir və mütləq hesab oluna bilməz. Cinlər də maddi varlıq deyil dalğa tezliyinə bənzər (radiasiya kimi) varlıqlar olduqlarına görə öz aləmlərində normal halda 70-80 il ömür sürürlər, lakin daim yüksək sürət içərisində yaşadıqlarına görə bu zaman kəsiyi bizim aləmdə 800-1000 ilə bərabər ola bilir.
Zamanın nisbilik nəzəriyyəsi Qurani-Kərimdə də təsdiqini tapmış bir mövzudur. Belə ki, uca Allah buyurur:
- Həqiqətən sənin Rəbbinin yanında bir gün sizin saydığınız min il kimidir. (Həcc surəsi, 47-ci ayə)
Cinlərin hərəkət etməsi üçün isə bizim kimi maddi nəyəsə söykənməsi şərt deyil. Onlar fəzada da hərəkət edə və bizim üçün keçilməz olan material maneələri (dağ, təpə, sıldırım, quyu və s.) rahatlıqla keçə bilirlər. Bizə təsir edən qravitasiya qüvvəsi cinlərə hərəkət üçün o qədər də mane ola bilmir. Lakin bu o demək deyil ki, onlar yerin cazibə qüvvəsindən tam xilas ola biliblər.

Cinlər necə qidalanırlar?
 

Cinlərin qidaları barədə görüşlər müxtəlifdir. Lakin məhşur nəzər budur ki, cinlər havanı bürüyən qida qoxusu, bəzi qida tullantıları və sümüklə (qoxusu ilə) qidalanırlar. Bəzi hədislərdə qeyd olunub ki, Allah sümükləri cinlər üçün ruzi qərar vermişdir. Lakin cinlər metafizik varlıq olduqları üçün material hesab olunan sümüyü necə yeməkləri barədə əlimizdə ciddi bir nümunə yoxdur. Mən özüm bu tip qidalanmanın cinlərə aid edilməsini səhv yanaşma hesab edirəm. Burada qeyd etməliyəm ki, mən bu kimi hədislərin izahında belə bir fikirə rast gəlmişəm ki, cinlər sümüyü yeməzlər, onun qoxusu ilə qidalanarlar. Bu ağıla batan bir izahdır. Ümumiyyətcə cinlərin qoxulayaraq qidalanması İslam alimləri arasında məhşur biz nəzərdir. İncə bir məqam isə budur ki, müsəlman cinlər gözəl qoxuları sevər, kafir cinlər isə pis qoxularla qidalanarlar. Məhz bu üzdən də hədislərdə qeyd olunur ki, evlərinizdə pis qoxu verən əşyaları və çürümüş və xarab olmuş zibili (qida tullantılarını) evdə çox saxlamayın. Tez-tez xoş ətirlərdən (xüsusən gül ətrindən) istifadə edin ki, kafir cinlərin diqqətini çəkməyəsiz. Hədislərdə qeyd olunur ki, Hz. Rəsulallah (s) buyurub: "Yağlı yemək yedikdən sonra əllərinizi yuyun, yoxsa cinlər sizin əllərinizi yalarlar (iylərlər)". Təbii ki, bu kimi hədislərin gigiyenik cəhətdən də izahı və əhəmiyyəti çoxdur, lakin bu hədisin sonunda qeyd olunan cin məsələsi onu göstərir ki, təmizlik məsələsi təkcə gigiyenik önəmi olan məsələ deyil, həm də şər cinlərin uzaq qalması üçün vacib bir şərtdir. Heyvanı kəsərkən Allahın adının zikr olunmasının bir səbəbi də məhz bu üzdəndir ki, kəsilən heyvanın ətinin və sümüyünün qoxusu kafir cinləri cəlb etməsin. Çünki Allahın adı çəkilmədən kəsilən heyvanın tullantılarının qoxusu kafir və təhlükəli cinlərin qidasıdır.

İslam dünyasının böyük filosofu Molla Sədra özünün "Məfatihul-ğeyb" adlı əsərində qeyd edir ki, cinin həm hissiyat (material) aləmində vücudu var, həm də qeybi (bərzəx aləmində) aləmdə. Onların bu aləmdəki vücudu barədə belə demək olar:
Maddi aləmdə lətif cismə malik olan elə bir varlıq yoxdur ki, onun ruhu və nəfsi olmasın. Bəzi vaxtlar o varlıqların gizli (yəni "cinni") surətlərinin zahir olmasının səbəbi onların lətif bədənlərinin lətafət və yumşaqlıq baxımından orta həddə, ya pərakəndə halda olması, yaxud da cəmləşmək qabiliyyətlərindən irəli gəlir. Belə ki, cəmləşən və yığılan halda onların cismi qalınlaşır və bunun nəticəsində müşahidə oluna bilirlər. Amma pərakəndə halda olanda cismi yayılır və daha da lətif olaraq müşahidə olunmur. ("Məfatihul-ğeyb", səh. 255)
Molla Sədranın qeyd etdiyi məqam budur ki, cinlər çox lətif varlıq olduqları üçün görünə bilmirlər. Biz bunu primitiv bir misalla suya bənzədə bilərik: su buxarlanıb havaya qarışdığı zaman görünməz olur. Lakin cəmlənib sıxıldığı zaman isə görülən bilən hala gəlir. Cinlər də material formada görünmək istədikləri zaman öz hallarını istədikləri formada dəyişə bilirlər. Biz necəki suyu istənilən qəlibin içərisinə töküb, sonra donduraraq buz halına salıb istədiyimiz füquru ala bilərik, cinlər də öz hallarını istənilən qəlibə uyğun dəyişərək müxtəlif formalar ala bilirlər. Bu onların fitri bir potensialıdır. Başqa bir misal olaraq qeyd edə bilərik ki, ağac materialının içərisində yanmaq, yəni oksigenlə kimyəvi reaksiyaya daxil olub plazma halına düşəmək potensialı var. Bu ekzotermik reaksiya səbəb olur ki, biz ağac materialında zahirən baxaraq görmədiyimiz bir halı - plazmanı, yəni alovu görə bilirik. Cinlər də bu cürdür, bəzən onlar öz daxillərində olan hazır potensialı aşkar edərək, maddi aləmdə müəyyən surətlərdə zahir ola bilirlər, halbu ki, onlar vücud etibarilə görünməzdirlər. Lakin onların maddi gözlə görünməz olan vücudlarında görünə bilmək potensialı vardır.

Cinlərlə görüşmək və cinlər aləmi ilə rabitə yaratmaq mümkündürmü?

Bu mövzunu müəyyən müqəddimələr olmadan başa düşmək çətindir. Zərurət olduğu üçün bəzi müqəddimə məlumatlarla tanış olmaq gərəkir. İlk öncə yadda saxlamalıyıq ki, cinin də eynilə insanda olduğu kimi ruhu vardır. Cin və insanda ruh ilə bədən daima qarşılıqlı əlaqədə olurlar. Yəni ruh və bədən bütövlük təşkil edir. Bəzən bioloji bədən metafizik ruha təsir edir, bəzən isə əksinə ruh bədən üzərində öz təsirini qoyur. Ruh bəzən özünə aid fəaliyyətləri yerinə yetirmək istəsə, gərək bədən də xüsusi şəraitə düşsün. Məsələn, insan ac olduğu halda ruhun düşünmək qabiliyyəti artırır, çünki insan ac olduğu zaman beyinə qan çox gedir. Tox olduğu zaman isə beyinə qan az getdiyi üçün ruhun düşünmək qabiliyyəti zəifləyir. Bəzən isə ruh qorxduğu, sarsıldığı zaman insanın dərisinin rəngi solur, iştahası küsür və hətta müxtəlif təhlükəli xəstəliklər belə yarana bilir. Bəzən də olur ki, insan qorxduğu halda adi halda edə bilmədiyi işləri görə bilir, fiziki gücü artır. Məsələn, üzərinə vəhşi heyvan hücum edən şəxsin adi halda çıxa bilmədiyi divara çox sürətlə dırmaşa bilməsi kimi və sairə. Bu hal elmi dildə "psixologiyanın fiziologiyaya təsiri" kimi ifadə olunur. Şəriətimizdə qeyd olunan bütün maddi ibadət növləri, məsələn, oruc, namaz, zəkat, xüms hamısı zahiri əməllərdən ibarət olsalar da, amma insan ruhunda mühüm təsirlərə malikdirlər. İnsan müəyyən vasitələrlə öz ruhunu maddi təsirlərin cəngindən nisbətən xilas edib azad edə biləcəyi təqdirdə mələkuti (metafizik) aləmlə kontakta girə bilər. Yəni ruh nə qədər ki, bədənin bütün qüvvələrini özünə ram edə bilməyib o halda o müxtəlif nəfsani qüvvələr tərəfindən hər dəfə bir istiqamətə çəkiləcək və öz ilahi potensialından məhrum qalacaq. İnsanın öz ruhani potensialını, öz gizlin istedadlarını üzə çıxarması üçün ən əsas və düzgün vasitə təhriflərdən uzaq qalmış ilahi şəriətdir. Çünki şəriətdən qeyri yollarla bunu etmək haramdır və təhlükəlidir. Şərqin dahi şəxsiyyəti İbn Sina özünün "İşarat və tənbihat" adlı əsərində belə bir qeyd aparmışdır: "Şəriətin təsiri altında mənəvi təlim-tərbiyə nəticəsində nəfs aram olar və bütün bədən qüvvələri vahid mərkəzə (pak ruh, ağıl) tabe olarlar."
Bundan sonra isə insan çox rahatlıqla qarşılaşdığı maneələri keçə biləcək və istədiyi müəyyən hədəflərə surətlə çata biləcək. Çünki insanda mövcud olan bütün nəfsani qüvvələr eyni hədəfə yönəldikcə məqsədə çatmaq çox rahat olacaq. Təsəvvür edin ki, insanın beş əli var və hər bir əli ilə müxtəlif nəfsani mərkəzlərdən əmr alaraq müxtəlif istiqamətlərə zərbə vurur. Bu zaman güc dağınıqlığı yaranacaq. Lakin beş əlin hər biri eyni mərkəzdən əmr alaraq bir istiqamətə vura bilsə güc mərkəzləşməsi yaranacaq və gücün qüdrəti artacaq.
Öz ruhunu maddi aləmin təsirindən azad edən və nəfsinə nəzarət edə bilən böyük Allah dostlarında təbii olaraq bəzi xüsusi istedadlar yaranmışdır ki, bu istedadlara irfan elmində kəramət və mükaşifə də deyilir. Təbii ki, bu kimi kəramətlərin bəzilərini (az bir hissəsini) qeyri-dini, yəni şeytani yollarla da əldə etmək mümkündür.

Qurani-Kərimdə bu mövzu aşkar bir şəkildə "Nəml" surəsində qeyd olunmuşdur. Belə ki, cinlərə və insanlara hökmdarlıq edən peyğəmbərlərdən olan Həzrət Süleyman bir gün öz tabeçiliyində olanlara sual edir ki, mənə Səba ölkəsinin şahı Bilqeysin taxtını kim gətirə bilər? Həzrət Süleymanın yanında olan bir ifrit (cin tayfasından olan qüdrətli bir varlıq) bildirir ki, "Sən yerindən qalxmamış mən onu sənə gətirərərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam! Kitabdan bir qədər xəbəri olan birisi (Asəf ibn Bərxiya) isə belə dedi: "Mən onu sənə bir göz qırpımında gətirərəm! (Bu zaman Süleyman) onu (taxtı) yanında hazır durmuş görən kimi..." ("Nəml" surəsi, 39, 40-cı ayə)
Bu ayələrdə qeyd olunan hadisədə bir ifrit adlanan cin öz gücünü nümayiş etdirərək çox uzaq məsafədən böyük bir taxtı gətirə biləcəyini bildirir. Lakin ona bu iş üçün icazə verilmir və halbu ki, o bu işi bacara biləcəkdi. Burada həmin bu qeyri-adi iş mənəvi potensialı və ruhi qüdrəti daha çox olan insana - Asəf ibn Bərxiyaya tapşırılır və o da taxtı bir göz qırpımında hazır edir. Bu ayələrdən çıxan bir neçə məna vardır:
1. Cinlər kimi bəzi insanlar da qeyri-adi işlər görməyi, bir çoxlarına mümkünsüz görünənləri bacara bilirlər.
2. İnsanın ruhi qüdrəti cinlərin ən güclüsünün belə qüdrətindən çoxdur. Belə ki, cin taxtı müəyyən çox kiçik zaman fasiləsində gətirə biləcəyini bildirdiyi halda, insan bu işi daha az, nəzərə çarpmayacaq qədər kiçik zaman daxilində görə bilir.

Bu ayələr bizə əsas verir ki, qeyd edək ki, insan öz ruhi qüdrətini müəyyən təyin olunan vasitələrlə artıra bilsə artıq onun üçün məkan məsələsi heç bir məna daşımaz. İnsan məkanın və zamanın fövqünə qalxa bilər və ətraf aləmə təsir qoyma qabiliyyətinə malik olar. Quran da təsdiq edir ki, müəyyən elmləri bilmək, Allahın qanunlarına ixlasla tabe olmaq, nəfsi paklamaq və bütün nəfsani qüvvələri nəzarət altına almaq yolu ilə insan bu qüdrəti əldə edə bilər. Təbii ki, belə bir qüdrətə sahib olan insan üçün cinlər aləmini müşahidə etmək çox asan bir iş olacaq. Bəzən insanlar bu kimi işləri görmək üçün şər yollara da əl atırlar. Şər yol şəriətin qeyd etdiyinin tam əksidir. Şəriət yolu ilə insan paklanmaqla müəyyən aləmlərlə əlaqə yarada bilirsə, şər yolda isə insan mənəviyyat baxımından tənəzzül etmək və alçalmaqla bu aləmlərlə əlaqə yaradır. Belə şəxslər öz ruhlarını asketik tərbiyələnməklə və ya ruhlarını bütövlükdə çirkaba bulaşdırmaqla cin aləmilə əlaqə yarada bilirlər. Təsəvvür edin ki, şər cinlərlə əlaqə yaratmaq istəyən cadügərlər, kahinlər öz nəcislərini belə yeyir, Quranı təhqir edir, nəcisə batırır, məhrəmlərilə zina edir, qan içir və ağıla gəlməyən alçaq və iyrənc işlər görürlər ki, nəhayət şər cinlər və şeytanla əlaqə yarada bilsinlər.
Həzrət Rəsulallahın (s) da cinlərlə görüşməsi barədə islami mənbələrdə müxtəlif haisələr nəql olunur. Burada onlardan birini sizin üçün qeyd etmək istərdim:

Əlqəmə ibn Qeysdən nəql olunur: Abdullah ibn Məsuddan soruşdum: "Cin gecəsi sizlərdən kim Allahın Rəsulu (s) ilə birlikdə idi?" Dedi: "Həmin gecə bizlərdən heç kəs o Həzrətlə (s) birgə olmayıb. Cin gecəsində biz Allah Rəsulunu Məkkə yaxınlığında itirdik və onu Bədr yaxınlığında axtardıq. Elə düşünürdük ki, ya Allah Rəsulunu (s) oğurlayıblar, ya da Meraca gedib. Onu axtara-axtara dərəyə düşəndə gördük ki, Peyğəmbər (s) Hira dağı tərəfindən gəlir. Soruşduq: "Ey Allahın Rəsulu (s), harada idin? Biz sənin həyatın üçün çox qorxduq və narahaq olduq. Dünən gecədən bu gecəyə qədər heç bir qövmün yaşamadığı pis bir gecə yaşadıq".

Həzrət Rəsulallah (s) buyurdu: "Dünən gecə cinlərin təbliğatçısı mənim yanıma gəlmişdi, mən də onlar üçün Quran oxumağa (İslamı təbliğ etməyə) getmişdim."

Bu sözlərdən sonra o Həzrət (s) bizi özü ilə apardı və cinlərin ayaq izlərini, ocaqlarının yerini bizə göstərdi. ("Əl-Mizan" təfsiri, cild 20, səhifə 74)

Məhəmməd Vaqif
Milli.Az