Tələbələrə təhsil haqlarında güzəşt ediləcəkmi? - VİDEO

21 Sentyabr 2020 17:22

Ölkəmizdə ali təhsil müəssisələrinin təyin etdikləri təhsil haqları hər zaman müzakirə olunub.

Pandemiyanın hökm sürdüyü bir vaxtda isə bu məsələ yenidən gündəmə gəlib. Dövlət aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqlarını bu müddət ərzində ödəyib. Ancaq bəzi təhsilalanlar ali məktəblərin illik ödənişinin miqdarının aşağı salınmasını və ya digər güzəştlərin tətbiq olunmasını istəyirlər.

Tələbə: "Bəzi universitetlərdə təhsil haqları olduqca bahadır. Təhsil haqlarını valideynlər ilin axırına kimi ödəyib qurtara bilmirlər. Ona görə bir az güzəşt olunsa, çox yaxşı olar".

Tələbə: "Pandemiya dövrü bitsə, iş olsa, ödəmək olar. Amma hazırkı şərtlər daxilində ödəmək imkansızdır. Eyni zamanda, biz ödədiyimiz təhsil haqqında adekvat təhsil də ala bilmirik. Elə fakültə var ki, ödənişi 6 min manatdır. Bu, bir çox ailələr üçün ağır məbləğdir".

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ölkəmizdə təhsil haqları reallığı əks etdirmir. Bu göstərilən xidmətlə üst-üstə düşmür .

Kamran Əsədov - Təhsil eksperti: "Təəssüf ki, bu gün Azərbaycan ali təhsil müəssisələri ödənişli əsaslarla təhsil haqlarını müəyyənləşdirəndə özlərinin şəxsi düşüncələrini əsas götürürlər. Halbuki bir şəxsin təhsil alması üçün universitetə düşən xərclər burada əsas götürülməlidir".

Yəni təhsil haqları müəyyənləşəndə universitetin tələbəyə sərf etdiyi komunal xərclər, müəllimin əmək haqqı və digər bütün ödənişlər hesablanır, plan yerlərinin sayına bölünür və ortaya təhsil haqqı çıxır.

Kamran Əsədov - Təhsil eksperti: "Biz bu düsturu tətbiq edəndə görürük ki, Azərbaycanın istənilən təhsil müəssisəsində təhsil haqqı maksimum 1200-1300 manatdan artıq ola bilməz".

Hazırda təhsil xərclərinin çox olması səbəbindən 20 mindən çox tələbə təhsil almaq üçün xarici ölkələrə üz tutur. Bu səbəbdən ölkəmizə xaricdən gələn tələbələrin sayı da olduqca azdır. Milli Məclisinin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, təhsilin əlçatanlığını təmin etmək üçün ailələrin maddi vəziyyəti nəzərə alınmalıdır.

Ceyhun Məmmədov - Milli Məclisin deputatı: "Belə bir vəziyyət yaranır ki, kimlərin ki, imkanı var onlar istədiyi ixtisası seçib təhsil ala bilirlər. Amma bizim elə tələbələrimiz var ki, onlar konkret bir sahə üzrə mütəxəssis kimi formalaşmaq istəyirlər, amma təhsil haqqı yüksək olduğundan onlar həmin ixtisas üzrə təhsil ala bilmirlər".

Qeyd edək ki, hazırda ölkəmizdədə fəaliyyət göstərən 50 ali təhsil müəssisəsində 180 min tələbə təhsil alır. Tələbələrin 120 minə qədəri ödənişli əsaslarla təhsil alır.

Milli.Az