Böyük Qarabağ savaşı istisna deyil

21 Sentyabr 2020 14:30

Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır

Azərbaycan telekanallarına verdiyi müsahibəsində dövlət başçısı İlham Əliyev belə dedi. O, ölkə vətəndaşlarına, ictimaiyyətə üz tutmaqla yanaşı, dünya birliyinə və ən başlıcası, düşmən Ermənistana çox konkret messiclər ünvanladı.

Son aylarda, bəlkə illərdə ilk dəfə olaraq ölkə başçısı, xalqın gerçək lideri indiyədək diplomatikcəsinə açıqlanmayan məqamlara aydınlıq gətirdi.

İlham Əliyev hər zaman, bütün dövrlərdə gerçəyi söyləyib, həqiqəti deyib.

Bu dəfə isə o, Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalında olan Azərbaycan əraziləri problematikasına diqqət yönəltdi.

Prezidentin açıqlaması son iki ildə ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə yanaşı, həmsədr ölkələrin və ümumiyyətlə, beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinə olan münasibətinin, görülməli, amma görülməyən işlərlə Ermənistanın aqressiv və çılğın, marazmatik siyasətinin dəyərləndirilməsi idi.

Konkret, gerçək, sərt şəkildə.

"Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir. Əfsuslar olsun ki, Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir. Onlar bu addımların nəyə gətirib çıxara biləcəyini də düzgün təhlil edə bilmirlər. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermənistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır", - dövlət başçısı söylədi.

Prezidentin açıqlaması bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqları Ermənistan faktiki olaraq dayandırıb. Danışıqlar masasında problemin həlli ilə bağlı heç bir konkret plan yoxdur. Yaşananların başlıca baiskarı isə Ermənistanın baş naziri, qeyri-adekvatlığı, siyasi bisavadlığı, selfi xəstəliyi və bərbad ingilis dilində "mikro-revolyuşın" deməyi sevən Nikol Paşinyandır.

... Son 18 ayda praktiki olaraq iflic durumundakı Minsk Qrupu, deyəsən, qəflət yuxusundan ayılıb və Azərbaycanla Ermənistanın xarici işlər nazirini yaxın həftələrlə görüşə, müzakirələrə dəvət edib.

Ermənistanın son vaxtlarda hədsiz aqressivləşməsi, Dağlıq Qarabağ münaqişəsi bölgəsi ilə yanaşı, sərhəddə sürəkli təxribatlar törətməsi, mövqelərimizə daim hücum etmək cəhdlərini gerçəkləşdirməsi, habelə Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimin aktivləşməsi sonunda Minsk Qrupunun potensialı elə budur.

Ermənistan və Xankəndindəki xunta genişmiqyaslı hərbi təxribatlara hazırlaşırlar. Suriya və Livandan ermənilərin işğal edilmiş ərazilərimizə köçürülməsi prosesi ilə yanaşı, terrorçu PKK mənsublarının Suriyadan və İraqın şimalından Dağlıq Qarabağ ərazisinə yollanması situasiyanın nə qədər gərgin, hər an partlamağa hazır olduğunu göstərir.

ASALA və PKK kimi terror təşkilatlarının mənsublarının Dağlıq Qarabağa yollanmaları, Ermənistanın baş naziri Nikol Paşinyanın xanımının Qarabağda qadınlar üçün hərbi təlimlər təşkil etməsi, Azərbaycanla sərhəddə Ermənistan qoşunlarının sürəkli təxribatlara əl atmaları, ermənilərin Avropada, Suriyada və İraqda PKK funksionerləri ilə gizli danışıqlar aparmaları - bütün bunlar bir prosesin həlqələridir.

Bununla yanaşı, Ermənistan rəhbərliyinin və Dağlıq Qarabağdakı separatçı xuntanın rəsmilərinin beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərdə, təşkilatlarda və strukturlarına baxmaq yetərlidir.

Ermənistan mediada və sosial şəbəkələrdə hibrid savaş texnologiyalarından da istifadə edir. "Suriyadan Azərbaycana gətirilmiş 500 yaraqlı" kimi yalanın Rusiyanın kütləvi informasiya vasitələrində tirajlanması həmin savaşın elementi olmaqla yanaşı, ASALA və PKK terrorçularının Dağlıq Qarabağa, habelə Azərbaycanın işğal altında olan digər ərazilərinə gətirilməsini pərdələməyə yönəlmiş addımdır.

ATƏT-in Minsk Qrupunun həmsədrləri - rusiyalı İqor Popov, fransalı Stefan Viskonti və amerkialı Endryu Şofersə fəaliyyət sxemi ilə davranış taktikasını əsla dəyişməyiblər.

Həmsədrlər aqressiv və işğalçı Ermənistanın davranışını inadla görmür, başını quma gömmüş dəvəquşu pozası alaraq, sanki, heç nə olmamış kimi davranırlar.

Bu səbəbdən də işğalçı Ermənistanın rəhbərliyi Minsk Qrupunun fəaliyyətindən, daha doğrusu tam fəaliyyətsizliyindən çox razıdır.

Reallıq isə belədir: ATƏT-in Minsk Qrupu indi Azərbaycan-Ermənistan qarşıdurmasını və Dağlıq Qarabağa münaqişəsini dinc danışıqlar yolu ilə çözməkdə vasitəçilik etmək iqtidarında deyil. Həmsədrlərin yarıtmaz işinin heç bir faydası yoxdur.

Dövlət başçısının müsahibəsində vurğuladığı əsas məqamlardan biri də məhz Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün danışıqlarla ağlı idi: "Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub. Çünki onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir".

Situasiya belədir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və düşmən ölkənin rəhbərliyi yürütdükləri siyasətin ermənilər üçün hansı faciələr vəd etməsinin fərqində deyillər. 

Ermənistanın sabiq prezidenti Serj Sarqsyan hakimiyyətdə olanda erməniləri kriminal oliqopoliya idarə edirdi və təbii ki, bu, ermənilərdə nifrət doğururdu.

Nikol Paşinyan hakimiyyətə gələndə isə o, qeyri-rəsmi kanallarla Bakıya mesajlar yollayaraq vaxt istəyirdi, münaqişənin həlli üçün adekvat və konkret addımlar atılacağını bəyan edirdi. 2018-ci ildə MDB-nin Düşənbə sammitində Paşinyan bunu açıq demiş, danışıqlara meylli olduğunu vurğulamışdı. Paşinyan atəşkəs rejiminin möhkəmlənməsini istədiyini demişdi.

Lakin sonradan məlum oldu ki, Ermənistan, əslində, münaqişə zonasında status-kvonun saxlanmasında, aqressiv siyasətin davamında maraqlıdır. Nikol Paşinyanın Qarabağa səfərində "Qarabağ Ermənistanındır!" deməsi isə İrəvanın yalan danışdığını və ən başlıcası, Ermənistanın belə mövqeyindən sonra danışıqlar prosesini tam mənasız etdiyni ortaya qoydu.

İrəvan danışıqlar prosesin imitasiya etməyə, münaqişənin mərhələli həllini nəzərdə tutan və Minsk Qrupunda həmsədr ölkələrin dəstəklədikləri modeli rədd etməyə başladı.

Halbuki Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Madrid prinsiplərindən və nizamlanmanın Kazan modelindən imtinası 2016-cı ilin aprelində "dördgünlük müharibə"yə səbəb olmuşdu.

Ermənistan rəhbərliyi onu da anlamadı ki, Dağlıq Qarabağ problemini həll etmədən ölkəni sosial-iqtisadi fəlakətdən, sürəkli artan yoxsulluqdan, həndəsi silsilə formatında çoxalan işsizlikdən, nəqliyyat dalanı statusundan və Rusiyanın forpostu olmaqdan qurtarmaq mümkün deyil.

Amma nə olsun: guya liberal, demokrat, Qərbə meylli Nikol Paşinyan çılğın ritorikası ilə Robert Köçəryan və Serj Sarqsyanı da geridə qoyaraq Dağlıq Qarabağın işğalını qanuniləşdirməyə çalışdı.

Halbuki Ermənistanın əvvəlki rəhbərləri arasında kimsə belə idiotizmə cürət etməmişdi.

Beləcə, Nikol Paşinyan müharibəni, yəni hərbi əməliyyatların bərpasını tam real təxminə döndərdi.

20 ildən bəri davam edən danışıqlar prosesini faktiki olaraq dayandıran, işğalı qanuniləşdirməyə çalışan N.Paşinyan qlobal geosiyasi düzənin sürətlə dəyişdiyi bir dönəmdə beynəlxalq hüququ və anlaşmaları heçə saydığını göstərdi. Rəsmi Bakı adekvat addımlar atmalı idi, çünki beynəlxalq təşkilatların sənədlərini və hüququ qulaqardına vuran İrəvan qarşımızda seçim imkanları qoymayıb.

Azərbaycanla danışıqlardan imtina etməklə Paşinyan elə danışıqlar prosesini məhv etməklə məşğuldur. Belə davranışın hərbi əməliyyatlara səbəb ola biləcəyini əla dərk edən qarabağlı ermənilər, hətta ən odioz və radikal erməni komandirlərlə siyasətçilər belə, N.Paşinyan qədər sərsəmcəsinə davranmamışdılar.

Ermənistan ordusunun Tovuz rayonundakı mövqelərimizə və kəndlərə iyul ayında hücum cəhdi də İrəvanın aqressiv-şizoidal siyasətinin təzahürü idi.

Nikol Paşiyan mütləq, nə yolla olursa-olsun "qələbə" əldə etmək istəyirdi. Məqsəd və plan Azərbaycan sərhədini keçərək ərazilərimizin bir hissəsini işğal etmək idi. Alınmadı, 1 millimetr belə, ərazimizə girə bilmədilər.

"Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki, Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq", - Prezident belə dedi.

Eyni zamanda, İrəvan üzvü olduğu KTMT-nin (MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) mümkün hərbi əməliyyatlar zamanı reaksiyasını və mövqeyini yoxlamaq istəyirdi. Ermənilər düşünürdülər ki, iyul təxribatı başlayan kimi KTMT çərçivəsində Ermənistana hərbi yardımlar, canlı qüvvə kontingenti göndəriləcək.

KTMT erməniləri eyninə almadı.

Ermənistan indi nəticə çıxarmalıdır.

Əgər savaş və müharibə istəyirsə, buyursun: amma Ermənistan bilməlidir ki, hərbi əməliyyatlar başlarsa, itirilmiş dövlət, yəni "failed state" duruma düşə, ümumiyyətlə, məhv ola bilər.

Ermənilər yeni böyük savaşa hazırlaşırlar, Azərbaycanla sərhədə qüvvələr yığırlar.

Sayıq və ayıq olmalıyıq.

Dövlət başçımız da bəyan etdi ki, Ermənistan yeni təxribatlara əl atarsa, Azərbaycan illərdən bəri susqun qalan beynəlxalq hüququn tələblərinə rəğmən, düşmənə öldücü ağır zərbələr endirəcək.

Və o zaman hərbi əməliyyatları düşmən ölkənin ərazisinə keçirməyə kimsə bizə mane ola bilməyəcək.

Dağlıq Qarabağ məsələsində artıq yeni situasiya, yeni reallıqlardır.

Savaş əsla istisna deyil.

Elçin Alıoğlu
Milli.Az