Koronavirusa görə bağlanan Şəki bazarı polis nəzarətinə götürülüb - FOTO

18 Sentyabr 2020 17:20

Koronavirusa görə bağlanan Şəki bazarı polis nəzarətinə götürülüb

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVİD-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədi ilə  mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq "Şəki Bazar" ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkar edilib.

Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.  

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə mütəmadi olaraq xidmət aparılır.

Milli.Az