“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

22 Sentyabr 2020 08:51

"Corsair" şirkəti "Intel Comet Lake" aparat platforması və "Windows 10 Home" əməliyyat sistemindən istifadə edən oyun səviyyəli yeni "Vengeance i7200" masaüstü kompüterini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, fərdi kompüter "Core i9-10850K" prosessoru üzərində qurulub. Bu çipin tərkibinə eyni anda 20 təlimat axını emalı imkanına malik on hesablama nüvəsi daxildir. Nominal takt tezliyi 3,6 QHs, maksimal 5,2 QHs təşkil edir.

4 × 8 giqabayt konfiqurasiyasında "DDR4-3200" operativ yaddaş tutumu 32 giqabayta bərabərdir. Məlumat saxlama altsisteminin tərkibində 1 terabayt tutumlu "M.2 NVMe SSD" bərkcisimli toplayıcısı və 2 terabaytlıq 3,5 düymlük sərt disk birləşib.

Qrafikanın emalı "NVIDIA GeForce RTX 3080" diskret sürətləndiricisi tərəfindən həyata keçirilir. Qurğu "2.5G Ethernet" şəbəkə kontrolleri, "Wi-Fi 802.11ax" və "Bluetooth 5.0" simsiz rabitə adapterləri ilə təchiz edilib.

Mövcud interfeyslər sırasına "USB 3.2 Gen1 Type-A", "USB 3.2 Gen1 Type-C", "USB 2.0", "HDMI" və "DisplayPort" portları, klaviatura və "maus" üçün "PS/2" çıxışı, şəbəkə kabeli üçün çıxış və s. daxildir.

Kompüterin qabaritləri 452 × 230 × 466 mm, çəkisi 14 kq təşkil edir. Həmçinin mərkəzi prosessor maye soyutma sistemi tətbiq olunub.

"Corsair Vengeance i7200" oyun kompüterini 2800 dollara əldə etmək mümkündür.

Milli.Az