“Facebook” şirkəti “Oculus Quest 2” virtual reallıq şlemini təqdim edib

22 Sentyabr 2020 08:35

"Facebook" şirkəti "Oculus Quest" virtual reallıq şleminin 2-ci nəslini təqdim edib. Ucuz, tamamilə avtonom işləyən qurğunun qiyməti ilk modellə müqayisədə 100 dollar ucuzlaşaraq 299 dollar olub, həm də texniki xüsusiyyətləri daha da gücləndirilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Quest 2" şlemi "Qualcomm Snapdragon XR2" prosessoru, 6 QB əməli yaddaş (1-ci nəsil "Quest" şlemində "Snapdragon 835" və 4 QB-dır), 1832x1920 piksel təsvir ölçülü ekranla təchiz edilib, yenilənmiş sensorlar indi əl hərəkətlərini izləyə bilər.

Virtual reallıq şleminin çəkisi 503 qr-dır. Onu daşımaq daha rahat olmalıdır, çünki baş üçün sərt rezin qayış əvəzinə, indi yumşaq parçadan istifadə edilir.

Yenilik artıq 22 ölkədə ilkin sifariş üçün əlçatandır. 64 QB yaddaşa malik modelin qiyməti 299 dollar, 256 QB yaddaş ilə olan modelin qiyməti isə 399 dollardır. Oktyabrın 13-də "Quest 2" qurğusunun tədarükünə başlanılacaq.

Milli.Az