Nailə İslamzadə ilə səmimi söhbət: "Belə insanların həsrətini çəkirəm" - FOTO

21 Sentyabr 2020 22:34

Əməkdar artist Nailə İslamzadə yeni mövsümdə İctimai kanalda aparıcısı olduğu "Ötən günlər" verilişinin efir vaxtının 1,5 saat deyil 2 saat olacağını deyib.

Milli.Az xəbər verir ki, həyat fəlsəfəsini və prinsiplərini publika.az-a bölüşən aparıcı fədakar qadın olduğunu da bildirib.

Nailə İslamzadə ilə müsahibəni təqdim edirik:

- Nailə xanım, bu gün televiziya rəhbərlərinin aparıcılar qarşısında qoyduğu ən sərt tələblər hansılardır?

- Aparıcı peşəsinə lazım olan xüsusiyyətləri tələb edə bilərlər. Əgər məni soruşursunuzsa, qarşıma heç bir şərt qoyulmayıb, olduğum kimiyəm. Əksinə, etibar edibər ki, 13 illik fasilədən sonra "Ötən günlər" verilişi ilə yenidən tamaşaçıların görüşünə gəldim.

- Aparıcılar reytinq naminə nəyi etməməlidir? Onun hansı səhvini bağışlamaq olmaz?

- Reytinq naminə ucuzluğa və bayağılığa getməməlidi. Həm də düşünürəm ki, artıq reytinq gətirmir, tamaşaçılarımız o bayağılıqlardan yorulublar, baxmaq istəmirlər. Efirə baxan hər bir tamaşaçı özü bilir ki, nəyi bağışlamaq olar, nəyi yox. Peşəkarlıq baxımdan bəzi nüansları sadalaya bilərəm, lakin ümumilikdə tamaşaçıların ixtiyarına buraxılan məsələdir. İzləyicinin ədalətli və doğru qərar verə bildiyinə inanıram.

- Yeni mövsümə necə hazırlaşırsınız?

- Bəli, hazırıq artıq, peşəkar komandamız var. İkinci mövsümdür ki, "Ötən günlər" verilişinin aparıcısıyam. Yenilik odur ki, verilişin efir saatı yarım saat daha artdı və efir saatı dəyişdi. Hər şənbə günü saat 19.25-də deyil, saat 20.00-də efirə çıxacaq, saat 21-də "Xəbərlər" efirə gedəcək və saat 21.30-dan 22.30-dək davam edəcək.

- Xoşbəxt olmağın qaydası nədir? Ümumiyyətlə, həyatda uğur qazanmaq üçün mübarizə üsulunuz nədir?

- Hər kəsin özünə görə uğura gedən yolu var, ümumi götürdüyümüzdə isə yəqin ki, məqsədin olmalı, çox çalışmalı və dayanıqlı olmalısan. Xoşbəxtliyin qaydası əslində bəsitdir: sahib olduğuna həmişə şükür etmək. Özünün özünlə, ağlının və ürəyinin harmoniyada olmasıdır. Bu, ağlın, ruhun, duyğuların bizə verdiyi hədiyyədi.

Xoşbəxtlik bir ruh halıdır. Kənardan həyatın ideal görünə bilər, amma özünü xoşbəxt hiss etməyə bilərsən.

- Sizin də həyatınız kənardan ideal görünür.

- Mən özümlə harmoniyada olan bir insanam, əsas olan da budur.

- Çoxlarına məlumdur ki, dinə bağlı insansınız. "İnstaqram"da da dini paylaşımlar edirsiniz, məsciddə çəkilən fotonuz da marağa səbəb olmuşdu. Sizin üçün dinin missiyası nədir?

- Dinin başlıca missiyası insanları Allahın əxlaqına qaytarmaqdır. Allaha inanıram, qapanmaqdan savayı hər bir müsəlmanın öhdəliyinə düşən müəyyən dini ritualları yerinə yetirməyə çalışıram. Dinin çox missiyası var, təəssüf ki, İslam dini son illərdə dünyada fərqli tərzdə "təbliğ olunur". Müasir dövrdə din adından istifadə edərək dünyanın bir çox bölgəsində törədilən terror hadisələri qlobal problemə çevrilib. Allahın adını tutub müharibələr edirlər. "Allahu Əkbər" deyib insanlara güllə atırlar... Buna görə insanların dini inancları zədələnib. Dinlərə yanaşmalar müxtəlifdir. Dindən bəzən iqtisadi və siyasi maraqlar naminə sui-istifadə edilir, ictimaiyyətdə lazımi yöndən istifadə etməyən insanlar var.

- Sizcə, bu gün din öz missiyasını yerinə yetirə bilir?

- "Qurani-Kərim"i oxusaq və yazılanlara əməl etsək, öz missiyamızı yetəri qədər yerinə yetirmiş olarıq. İslam dininin mahiyyəti və fəlsəfəsi çox dərindir, hər kəsi paklığa və təmiz olmağa çağırır. "Qurani-Kərim"i stolüstü kitabımıza çevirməliyik ki, hər hansı sıxıntımız olanda ordakı tövsiyə və fəlsəfəni yada salıb rahatlıq tapaq. Sürələrin səs yazılarını xüsusilə yatmazdan əvvəl də dinləməyi sevirəm, çünki sakitlik gətirir, stressi silib aparır.

- Bizi incidən insanlara hansı dəyəri vermək lazımdır?

- Hər kəsə layiq olduğu dəyəri vermək lazımdı. Əvvəllər daha sərt təpki verirdim, indi çalışıram ki, normal qarşılayım. Bu, özünü digərlərindən üstün görmək əlaməti deyil. Bəlkə də özünə hörmətdən irəli gəlir. Çox istərdim ki, qarşımdakı insan məsuliyyətini dərk etsin. Ola bilməz ki, həyatda bütün insanlar eyni cür düşünsün, biri digərini incitməsin... Düzü, insanları olduğu kimi qəbul etməyi çoxdan öyrənmişəm, dəyişdirməyə cəhd etmirəm.

- Hansı səhvinizi özünüzə bağışlaya bilmirsiniz?

- Oturub dərd çəkmirəm ki, niyə bunu etdim. Baş verən xoşagəlməz halları tez qəbul etmək, problemlərə üzülmək əvəzinə, onların həll yollarına fokuslanmaq yaşamağı asanlaşdırır. İnsanın böyüklüyü ondadır ki, öz səhvini başqasının qarşısında etiraf edə bilsin.

Nə olsun ki, oğlum kiçikdir. Bu, o demək deyil ki, ona hər istədiyimi deyə bilərəm. İstər ailədə, istər rəfiqələrlə, istərsə də işçilər arasında münasibətləri gözləmək lazımdır. Hər bir insan səhv edə, qarşısındakı incidə və onu doğru anlamaya bilər. Yetər ki, onu etiraf etməyi bacarasan. Bilərəkdən indicilənləri isə öz vicdanları ilə baş-başa buraxmağı seçirəm.

- Hansı duyğunu dadmağın həsrətindəsiniz?

- Saflığın, dürüstlüyün, mənəviyyatın maddiyata qalib gəldiyi duyğuların...Yaxşı ki "Ötən günlər" verilişi var və o duyğuları orada istər qonaqlarımızın söhbətlərində, istərsə də səslənən musiqilərdə yaşaya bilirəm. Bu gün cəmiyyətdə daha çox özünü düşünən eqoist insanlar çoxalıb. Düşünmürlər ki, başqasının evini yıxır, ziyan vururr, qəlbinə dəyir, onun həyatını məhv edir, öz mənfəətləri xətrinə bütün bunların üstündən keçirlər... Tək özünü yox, başqalarını düşünmə qabiliyyəti həqiqətən dəyərlidir. Belə təmiz insanların həsrətini çəkirəm...

Mənəvi dəyərlərin üstündən xətt çəkmək olmaz, dəfələrlə qarşıma belə imkanlar çıxıb, amma özümə rəva bilməmişəm ki, kiminsə mənəviyyatını sındırım.

- Bəs kimin və ya nə üçünsə özünüzü fəda etmisiniz?

- Bir qadın göstərin ki, fədakar olmasın. Qadınlar həmişə fədakar olur, xüsusən də həm karyerası və həm də ailəsi olan xanımlar. Fədakar olmasaq, öhdəsindən gələ bilmərik.

Fədakarlıq o zaman xoşbəxtlik gətirir ki, onu yaxşılıq etdiyin insanın başına vurmayasan. Edirsənsə, ürəkdən etməlisən. Böyük fədakarlıqlar etməlisən ki, ailəni qoruya biləsən. O zamanlar bəzən işdən evə yorğun-arğın gəlirdim, onda oğlum balaca idi, qaçırdı qabağıma ki, ana mənə filan yeməyi bişir və ya söhbət edək, nağıl danış və s. Uşaq nə bilsin ki, ana neçə saatlıq canlı yayım aparıb, gecəni pis yatıb, çətin montajdan gəlib, istədiyini etməliyik.

İstər sevgidə, istər dostluqda, istərsə də işdə fədakarlıq etdinsə, qarşılığını gözləmə. Gözləsən, qəlbin qırılacaq, əvəzini insanlardan ummamaq lazımdır.

- Belə yaşamağı öyrənmisiniz?

- Əlbəttə ki, ömrüm belə keçib. "Ailələr və talelər" verilişini hazırlayanda o qədər yaxşlıq etdiyimiz insanlar olub... Gözləmirəm ki, məni axtarsınlar. Axtarmalı da deyillər, amma indiyədək axtaran sədaqətli insanlar var.

- Qadının mələk olmasını istəyirsənsə, ona cənnəti bəxş etməlisən deyirlər. Həyat yoldaşınızın mələyi ola bilmisiniz?

- Biz münasibətimizlə, rəftarımızla, hərəkətlərimizlə cənnəti də, cəhənnəmi də bu dünyada yaşayırıq. Artıq 34 ildir bir ailəyik, qayınanam da bizimlə yaşayır. Bu illərdə təbii ki, həyatın hər üzü var.

İnsan o qədər ehtyatlı olmalıdır ki, illərlə bir evdə yaşasan da, hər bir situasiya ilə rastlaşsan da öz mənliyini qoryub saxlaya biləsən. Bu, asan iş deyil, böyük fədakarlıqdır.

- Zərifliyinizin arxasında həm də güclü bir qadın dayanır. Eyni zamanda, həm zərif, həm də güclü olmağı necə bacarırsınız?

- Allah belə yaradıb, bunun sirri yoxdur. Keçdiyim həyat yoluna söykənərək deyə bilərəm ki, müəyyən bir xətt cızıb getməmişəm, xarakterim belədir. Hər kəs güclü ola bilmir, razıyam, bəlkə də bürcümdən irəli gəlir. Əqrəb bürcüyəm, onlar çox güclü olurlar. Ağır situasiyalara dayanıqlıyam, yaradılışım belədir.

- Həsrətə dözmək, yoxsa ədalətsizliyin qarşısında susmaq daha ağırdı?

- Həsrəti zamanla içində boğa bilirsən və ya ümid edirsən ki, hicranın sonunda səni vüsal gözləyir. Amma ədalətsizliyə susmaq daha çətindir. Ədalətsizlik görəndə bəzən məndən asılı olmayan vəziyyətlərdə çarəsiz qaldığım anlar olub, lakin əlimdən gəlirsə, həmişə səsimi çıxartmağa çalışmışam.

- Öz çərçivələrinizi tez-tez aşırsınız, ya onlar sizin üçün bir qayda olaraq toxunulmazdır?

- Aşa bilmirəm, öz kriteriyalarım olsa da, onları bilərəkdən tərtib etməmişəm, zamanla formalaşıb, həm də təbiətim belə qurulub. Əgər çərçivələrimi aşsam, mən olmaram. Əslində, çərçivəm yoxdu, sadəcə bu, mənəm.

- Xoş söhbət üçün təşəkkür edirəm, Nailə xanım.

- Minnətdaram.

Milli.Az