Bu gün Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılacaq

18 Sentyabr 2020 13:09

Həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılacaq vaxt dəyişdirilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə T. Yaqublunun vəkili Aqil Layıcov deyib. O bildirib ki, 28 sentyabr 2020-ci il tarixə təyin edilmiş apelyasiya şikayətinin vaxtı dəyişdirilərək baxış iclası sentyabrın 18-i, saat 16:00-a təyin edilib. Şikayətə hakim Elmar Rəhimovun sədrliyi ilə baxılacaq: "Tofiq Yaqublunun barəsində olan hökmün qüvvəyə mindiyi vaxta qədər azadlığa buraxılması barədə verdiyim vəsatəti isə geri götürdüm".

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Milli.Az