Sentyabrın 21-dən bu ölkədə yeni məhdudiyyətlər qüvvəyə minəcək

18 Sentyabr 2020 23:05

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Avstriya hökuməti bir sıra yeni məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 21-dən etibarən ölkə üzrə qapalı məkanlarda keçirilən bütün fərdi görüş və yığıncaqlarda iştirakçı sayı 10 nəfərlə məhdudlaşdırılır. Qeyd edilib ki, fərdi mənzillərdə olan yığıncaqlarla bağlı bu qərar yalnız tövsiyə xarakteri daşıyır. Bu məsələdə əhalinin fərdi məsuliyyət hissi önəmli rol oynayır.

Qastronomiya obyektlərinə daxil olan müştərilər onlar üçün ayrılmış masayadək maska taxmalı və öz masalarından kənarda heç nə sifariş etməməlidirlər. Eləcə də bir masa ətrafında əyləşən müştərilərin sayı 10 nəfərdən artıq ola bilməz.

Gələn həftədən etibarən açıq havada təşkil ediləcək bazar və yarmarkalarda da maskadan istifadə məcburi olacaqdır.

Avstriyanın Federal Səhiyyə naziri Rudolf Anşober mətbuat konfransında bildirib ki, bu qaydaların tətbiqi ilə hökumət gündəlik yoluxma hallarının sayını 650-660 olmaqla üfüqi xəttə salmağa çalışır. Yoluxma hallarının artımı ilə yanaşı, xəstəxanalarda müalicə alan pasiyentlərin sayı da artaraq 319-a çatıb. Paytaxt Vyana şəhərinin bir sıra ölkələr (İsveçrə, Almaniya, Belçika və Danimarka) tərəfindən yüksək riskli zona elan edilməsi yoluxma vəziyyətinin ciddi olduğunu göstərməklə, turizm şəhəri olan Vyananın imicinə də mənfi təsir edib.

Milli.Az