Yaponiyada rəqəmsal islahatlar üzrə nazirlik yaradılacaq

18 Sentyabr 2020 21:40

Yaponiyada 2021-ci ilin payızında rəqəmsal islahatlar üzrə yeni nazirliyin yaradılması planlaşdırılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiyanın işgüzar "Nikkei" qəzeti məlumat yayıb. Bildirilir ki, yeni nazirliyin əsas vəzifəsi hökumətin fəaliyyətinin rəqəmsallaşdırılmasından ibarət olacaq. Hökumətin bu addımı koronavirus pandemiyası nəticəsində nazirliklərin fəaliyyətində, xüsusən əlaqələndirmədə operativliyin və inzibati prosedurların icrası zamanı sürətin aşağı olması ilə bağlıdır.

Qeyd edək ki, yeni Baş Nazir Yoşihide Suqa öz hökumətini formalaşdırarkən artıq Rəqəmsal İslahatlar naziri vəzifəsini təsis edib və bu vəzifəyə Ş.Abe hökuməti dövründə elmin və texnologiyaların inkişafına cavabdeh olmuş Takuya Haraini təyin edib.

Xatırladaq ki, Yaponiya parlamenti sentyabrın 16-da yeni Baş Nazir vəzifəsinə iki gün əvvəl hakim Liberal Demokratik Partiyanın sədri seçilən Yoşihide Suqanın namizədliyini təsdiq edib. Y.Suqa xəstəliyə görə istefa vermiş Ş.Abe hökumətində Nazirlər Kabinetinin baş katibi vəzifəsini tuturdu.

Milli.Az