Azərbaycanda özəl sektor mədəniyyət sahəsinə də cəlb ediləcək

17 Sentyabr 2020 16:07

Mədəniyyət sahəsində bir sıra standartlar müəyyən edilməlidir. Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən boşluqlar var. Ona görə də standartlaşma bizim yeni bir yanaşmamızdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

Nazir müavini qeyd edib ki, biz beynəxalq təcrübənin yaxşı modellərini istifadə etməliyik. O bildirib ki, mədəniyyət sahəsinə özəl sektoru cəlb etmək fikirləri var: "Fransada özəl sektorun mədəniyyət sahəsinə investisiya qoymasının şahidi olmuşam. Bunu ölkəmizdə etmək üçün müəyyən vergi güzəştlərinin edilməsinə ehtiyac duyulur".

A.Kərimov vurğulayıb ki, Mədəniyyət sahəsində çalışan şəxslərin əməkhaqqı heç də yüksək deyil.

Onun sözlərinə görə, müasir tələblərə uyğun olaraq rəqəmsallaşma mədəniyyətin bütün sahələri üzrə tətbiq olunmalıdır.

Milli.Az