Azərbaycan Milli Xalça Muzeyindən FOTOREPORTAJ

17 Sentyabr 2020 16:31

Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.

Muzeyin yaranmasının təşəbbüskarı görkəmli alim və xalçaçı, xalça haqqında elmin banisi, rəssam və pedaqoq, "Azərbaycan xalçası" adlı fundamental əsərin müəllifi Lətif Kərimovdur.

2004-cü ildə muzeyin iştirakı ilə "Azərbaycan xalçasının qorunması və inkişafı" üzrə milli qanun hazırlanıb qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan xalçasının reyestrinin tərtib edilməsi, qorunması və inkişafı istiqamətində dövlət dəstəyinin təminatı, elmi və metodiki kadrların hazırlanması nəzərdə tutulmuşdur.

2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na daxil edilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə "Milli" statusu verilmişdir.

Hazırda, ölkənin müasir tikililərindən birində yerləşən Azərbaycan Xalça Muzeyi yalnız sənət nümunələri və milli irsimiz olan xalçaların saxlanc yeri kimi çıxış etmir, həm də milli xalça sənətinin hərtərəfli araşdırılması və xalqımızın bədii incilərinin yüksək səviyyədə təqdimat məkanı olaraq çoxşaxəli fəaliyyət göstərir.