Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan Azərbaycan vətəndaşları azadlığa buraxıldılar

17 Sentyabr 2020 13:13

Moskvada ermənilərlə iğtişaşlara görə saxlanılan azərbaycanlılar azadlığa buraxılıb.

Milli.Az bildirir ki, bu barədə Milli.Az-a Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Səfirliyin 10 sentyabr tarixli məlumatına əlavə olaraq bildiririk ki, cari ilin 23-24 iyul tarixlərində Moskva şəhərində baş vermiş məlum iğtişaşlar zamanı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşlarının vəziyyəti Səfirliyin diqqəti mərkəzindədir. Belə ki, 15 sentyabr tarixində Rusiyanın müvafiq təşkilatlarından razılıq alınandan sonra Səfirliyin konsulu, müşavir Toğrul Sadıqov və konsulluğun üçüncü katibi Müsənnif Dadaşov Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 2 nömrəli İstintaq Təcridxanasında saxlanılan 18.10.1989-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Elçin İsgəndər oğlu, 16 sentyabr tarixində isə Rusiya Federasiyasının Cəzaların İcrası Federal Xidmətinin Moskva şəhəri üzrə idarəsinin 1 nömrəli İstintaq Təcridxanasında olan Azərbaycan Respublikasının vətəndaşı, 11.02.1985-ci il təvəllüdlü Ələkbərov Elvin Alxas oğlu və Rusiya Federasiyasının vətəndaşları: 14.06.1988-ci il təvəllüdlü Qiyasov Ceyhun Nadir oğlu, 12.08.1981-ci il təvəllüdlü İsmayılov Taleh Mustafa oğlu və 01.11.1985-ci il təvəllüdlü Qafarov Ələkbər Asəf oğlu ilə konsulluq görüşü keçiriblər.

Görüşlərdə vətəndaşlarımız saxlanma şəraitlərinin qənaətbəxş olduğunu, ayrı-seçkiliklə üzləşmədiklərini, təcridxana rəhbərliyi və ya istintaq orqanı tərəfindən təzyiqlərə məruz qalmadıqlarını, vəkilləri ilə mütəmadi görüşə bildiklərini və sağlamlıqları ilə bağlı şikayətlərinin olmadığını vurğulayıblar. Səfirliyin əməkdaşları tərəfindən onlara məlumat verilib ki, həmvətənlərimizin məsələsi diqqət mərkəzindədir, lazımı hüquqi yardım göstəriləcəkdir və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Həmçinin 16 sentyabr tarixində konsulluğun birinci katibi Rövşən Axundov Azərbaycan Respublikasının vətəndaşı, 18.10.1989-cu il təvəllüdlü Məmmədov Elçin İsgəndər oğlu, eləcə də, məlum hadisələr zamanı saxlanılmış Rusiya Federasiyasının vətəndaşları, soydaşlarımız, 29.09.1983-cü il təvəllüdlü Zeynalov Natiq Vəli oğlu, 24.03.1986-cı il təvəllüdlü Möclümov Asif Qurban oğlu və 26.03.1987-ci il təvəllüdlü Dibirov Rəşad Ramazan oğlunun Moskva şəhərinin Troitsk rayon məhkəməsinin binasında keçirilmiş məhkəmə iclaslarında iştirak edib. Məhkəmə prosesləri zamanı iddiaçı tərəf ibtidai istintaqın 24.10.2020-ci il tarixinədək uzadıldığına istinad edərək həmin vaxta qədər həbs qətimkan tədbirinin uzadılması barədə vəsatət qaldırıb. Federal hakimlər Rojkov Anatoli Vladimiroviç və Zaycev Roman Yevgeniyeviçin sədrliyi ilə keçirilən məhkəmə proseslərində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsinə (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil qrup tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) əsasən təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının vəsatəti rədd edib və onlar məhkəmə zalından buraxıb.

Lakin, ibtidai istintaq davam etdiyi üçün təqsirləndirilən şəxslərdən Moskva şəhərini tərk etməmək haqqında yazılı iltizam götürülüb. Qeyd etmək lazımdır ki, hakim Anatoli Vladimiroviç Rojkov məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslərə müraciət edərək diqqətə çatdırıb ki, Moskvadakı iğtişaşların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli olduğunu anlayır, lakin, bununla belə Moskva şəhərində, ümumilikdə, Rusiya Federasiyasının ərazisində ictimai qaydanın pozulmasına səbəb olacaq hərəkətlər yolverilməzdir", - deyə Səfirliyinin məlumatında vurğulanıb.

Milli.Az